II Liqada çıxış edən “Şahdağ Qusar”ın müdafiəçisi Nodar Məmmədovun futbolinfo.az saytına müsahibəsi

  • Çempionatın ilk yarısındakı çıxışınızı necə dəyərləndirirsiniz? Qış fasiləsinə 1-ci pillədə yollanacağınızı gözləyirdiniz?
  • Həqiqətən də, birinci dövrədə çox yaxşı çıxış etdik. Açığı, belə gözləmirdik. Çünki çempionluğa 4-5 komanda iddialıdır. Buna baxmayaraq, fasiləyə birinci pillədə yollanmağı bacardıq.
  • 13-cü turda Qusar derbisi gözlənilirdi. Ancaq rəqib oyuna gəlmədiyi üçün matç baş tutmadı…
  • O biri oyunlarımıza necə hazırlaşırdıqsa, “Qusar”la matça da elə hazırlaşmışdıq. Baş tutsaydı, maraqlı görüş olardı. Amma alınmadı. Rəqibin hansı səbəbə görə oyuna gəlmədiyini bilmirəm.
  • II Liqada fevralın 24-dək fasilə olacaq. Fasilənin bu qədər uzun çəkməsi komandanıza necə təsir edəcək? İkinci yarının hazırlığına nə vaxt başlayacaqsınız?
  • Komandada olan oyunçuların hamısı peşəkardır. Hər kəs dərk edir ki, məşq etmək lazımdır. Məncə, fasilənin uzunmüddətli olması bizə elə böyük problem yaratmayacaq. Məşqlər təxminən 30 yanvara qədər başlamalıdır.
  • Hazırda turnir cədvəlində ən yaxın izləyiciniz “Şəfa”dır və sizdən 5 xal geri qalır. Necə düşünürsünüz, mövsümün sonunadək çempionluq mübarizəsi məhz “Şəfa” ilə aranızda gedəcək, yoxsa “Şimal” və digər komandaların da sizə problem yarada biləcəklərini istisna etmirsiniz?
  • İkinci dövrə çox çətin keçəcək. Rəqibimiz tək “Şəfa” deyil. Digər komandalar da güclənirlər. Bir də ki, 5 xal heç nədir. Buna görə də, ikinci dövrədə daha ciddi və məsuliyyətli olmaq lazımdır.
  • Mövsümün ikinci yarısına “Kür-Araz”la matçla başlayacaqsınız. Rəqib 5-ci pillədə yer alıb. Bu görüşdə qalib gələ biləcəksiniz?
  • “Kür-Araz”ın heyətində çox təcrübəli oyunçular var. Bizim üçün çətin matç olacaq. Kimin qalib gələcəyini, hansı hesabın qeydə alınacağını zaman göstərəcək. Uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik.
  • Vaxtilə milli komandanın formasını geyinmisiniz. Yığmamızın DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri haqqında nə düşünürsünüz? Komandamız təsnifat mərhələsində kimə qalib gələ bilər?
  • İnşallah, hər bir komandadan xal alarlar. Amma real danışsaq, Ukrayna və İslandiyadan evdə xal ala bilərik. Digər rəqibimiz Fransa-Xorvatiya cütünün qalibi olacaq. Şəxsən mən Fransadansa, Xorvatiyanın bizə rəqib olmasını istərdim.

G

FƏRİD

Shares: