“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Rəşad Abdullayevin futbolinfo.az saytına müsahibəsi
- “Neftçi” əvəzedicilər çempionatında qış fasiləsinə birinci pillədə yollandı. Mövsümün ilk yarısını necə dəyərləndirirsiniz?
- İlk pillədə qərarlaşmaq bizi sevindirir. Amma komandanın yeni olması öz sözünü dedi. Açığı, bunu oyunlarda daha çox hiss etdik. İlk turda gözlənilmədən evdə “Turan Tovuz”a məğlub olduq. Bu, artıq mənə siqnal idi. Bundan sonra futbolçularla yaxşı söhbətimiz oldu və qələbələri sıralamağa başladıq. Çempionatın ilk hissəsində iki məğlubiyyətimiz oldu. Məni ən çox komandamızın əzmkarlığı sevindirdi. Uşaqlar oyunlarda çox əzmkarlıq göstərdilər. Əsasən də köhnə futbolçularımızın üzərinə böyük yük düşdü. Bilirsiniz ki, heyətini tam dəyişmiş, aşağı yaş qrupundan çoxlu oyunçu götürmüşdük. Bir neçə köhnə futbolçu saxlamışdıq. Özlərinə də bildirmişdim ki, yük əsas sizin üzərinizə düşəcək. Onlar da bu yükü daşımağı bacardılar. Komandamızın qışaqədərki çıxışını qənaətbəxş hesab etmək olar.
- Yəqin ki, mövsümün ilk hissəsində sizi ən çox təəccübləndirən rəqib hazırda ikinci pillədə qərarlaşan və “Neftçi”dən cəmi 1 xal geri qalan “Turan Tovuz” oldu…
- Biz bunu artıq ilk turdan hiss etdik. Tovuz həmişə futbol şəhəri olub. Axırıncı turadək onlarla başabaş getdik. Son turda “Turan Tovuz”la səfərdə heç-heçə oynadıq və 1 xallıq fərqi saxladıq. Görünən odur ki, “Turan Tovuz” bu il yaxşı futbol oynayır. O biri komandalar da bizə qarşı rəqabət göstərməyə çalışdılar. Keçən il çempion olduğumuz üçün rəqiblərimiz bizə qarşı ikiqat, üçqat yaxşı hazırlaşırlar, bu da bizi sevindirir.
- Liderliyinizi mövsümün sonunadək davam etdirə biləcəksiniz?
- Açığı, heç vaxt futbolçularla liderlik barədə danışmamışıq. Həmişə uşaqlardan tələb etmişəm ki, yaxşı, baxımlı futbol oynayaq, xarakter, əzmkarlıq göstərək. Bizim əsas məqsədimiz, strategiyamız budur ki, futbolçularımız yetişsinlər, inkişaf etsinlər. Bunlar olan yerdə nəticə özü gəlir. Amma liderliyi qorumaq mənasında uşaqların üzərinə çox getmirəm. Bunu uşaqlar da başa düşürlər. “Turan Tovuz”la oyunda bir daha şahidi oldum, futbolçularımız meydanda döyüşdülər. Özləri də bilirlər ki, turnir cədvəlində yuxarı pillələrdə olanda işin daha da çətinləşir. Hətta sonuncu yerdə gedən komanda bizə qarşı elə futbol oynayır ki… Çalışacağıq ki, çətin olsa da, liderliyimizi sonadək qoruyaq.
- Çempionatın ikinci yarısında çempionluq mübarizəsində əsas rəqibiniz məhz “Turan Tovuz” olacaq, yoxsa başqa komandalardan da ehtiyatlanırsınız?
- Tək “Turan Tovuz”u deməzdim, digərləri də bizimlə mübarizə aparacaqlar. Rəqiblər bizə qarşı çox istəkli oynayırlar. Axırıncı yerdə gedən “Səbail” gəlib bizdən xal aldı. Əvvəldən futbolçulara demişəm ki, bu il daha gərgin rəqabətə hazır olmalıyıq.
- Son sual milli komandaya aiddir. Vaxtilə yığmanın futbolçusu olmusunuz. Millinin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri haqda hansı fikirdəsiniz? Komandamız yer aldığı qrupda neçə xal toplaya bilər?
- Milli komanda hamımızın qürur yeridir. Hər birimiz yığmanın yaxşı çıxış etməsini istəmişik. Biz məşqçilər çalışırıq ki, milliyə layiqli futbolçular yetişdirək. Yığma çətin qrupa düşüb. Mən proqnoz verməyi xoşlamıram. Amma çalışmalıyıq ki, bacardığımız qədər çox xal toplayaq. Milli adətən ev oyunlarında yaxşı çıxış edir. Səfər matçlarında da qənaətbəxş nəticələr əldə etməyə çalışmalıyıq.
FƏRİD