Ukrayna millisinin sabiq qapıçısı Denis Boyko DÇ-2026-nın seçmə mərhələsinin püşkünə münasibət bildirib.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı qolkiper yerli mətbuata açıqlamasında yer aldıqları D qrupunu zəif adlandırıb.
Boyko Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünə hörmətlə yanaşdığını bildirsə də, hətta onlardan da çəkinmir. O, İslandiya və Azərbaycan millilərini isə özlərinə rəqib hesab etmir: “Biz dünya çempionatına qrup birincisi kimi vəsiqə qazana bilərik. Çox yaxşı püşkdür. Birinci səbətdən Fransa – Xorvatiya cütünün qalibinin gəlməsi də yaxşı haldır. Bu rəqiblərə hörmətlə yanaşaraq deməliyəm ki, oyunçu seçimi baxımından asanlıqla birinci yeri tuta bilərik”.
Qeyd edək ki, Ukrayna yığması ilk oyununu sentyabrın 5-də Fransa – Xorvatiya qalibinə qarşı keçirəcək. Yığmamız bundan 4 gün sonra ukraynalıları doğma arenada qəbul edəcək.