“Neftçi” klubunun syerra leoneli yarımmüdafiəçisi Alfa Kontenin futbolinfo.az saytına müsahibəsi
– Söhbətə Misli Premyer Liqasının 17-ci turunda “Kəpəz”ə qalib gəldiyiniz (2:1) oyundan başlayaq. Matçla bağlı fikirləriniz necədir?
– Çətin oyun keçdi. İlk hissədə daha yaxşı təsir bağışladıq, bu da hesabda öz əksini tapdı. Fasilədən sonra rəqib üstünlüyü ələ aldı. Buna baxmayaraq, qələbə hesabını qoruya bildik. 3 xal qazandığımıza görə sevincliyəm. Şadam ki, start heyətində çıxdığım matçlar “Neftçi” üçün düşərli olur. Azarkeşlərimizə də təşəkkür etmək istəyirəm ki, belə çətin anda, soyuq havada gəlib bizə dəstək oldular.
– Matçın 58-ci dəqiqəsində əvəzləndiniz. Öz performansınız haqda nə deyə bilərsiniz? İkinci hissədə əvəzlənməyiniz nə ilə bağlı idi?
– “Kəpəz”ə qarşı yaxşı oynadığımı düşünürəm. Bəli, ikinci hissənin əvvəlində əvəzləndim. Baş məşqçinin qərarı belə oldu. Hörmətlə yanaşıram.
– Bu qələbədən sonra 7-ci pilləyə qalxdınız. Turnir cədvəlindəki mövqeyinizi daha da yaxşılaşdıra biləcəksiniz?
– Bunun öhdəsindən gələcəyimizi düşünürəm. Bunun üçün bir ailə olaraq qalmalı, meydançada bir-birimizə kömək etməli və azarkeşləri sevindirmək üçün əlimizdən gələni əsirgəməməliyik.
– 2024-cü ildəki sonuncu oyununuzu səfərdə “Turan Tovuz”a qarşı keçirəcəksiniz. Bu matçdan gözləntiniz nədir?
– Şəxsən mən bu görüşdən qələbə ilə ayrılmağımızı istəyirəm. Ümid edirəm ki, Tovuz səfərindən 3 xalla qayıdacağıq. Qələbə bizə turnir cədvəlindəki mövqeyimizi bir qədər də yaxşılaşdırmaq imkanı verəcək.
– Baş məşqçiniz Samir Abasov haqda da fikirlərinizi bilmək istərdik. Onunla “Neftçi”nin sabiq çalışdırıcıları arasında hansı fərqlər var?
– Məncə, Samir Abasov heyrətamiz məşqçidir. Mən ona üstünlük verərdim. Təbii ki, hər məşqçinin özünəməxsus oyun fəlsəfəsi olur. Ancaq əvvəlki çalışdırıcılarla müqayisədə Samir Abasov daha yaxşıdır.
– Misli Premyer Liqasının səviyyəsi sizi qane edir? Ümumiyyətlə, Azərbaycan çempionatında oynamaq sizin üçün rahatdır?
– Azərbaycan Premyer Liqası möhtəşəm liqadır. Əlbəttə ki, bu çempionatda oynamaq çox xoşuma gəlir.
İLQAR AĞAYEV