“134 günlük məğlubiyyətsizlik seriyamız qırıldı. Yaxşı çıxış edirdik. Bəzən elə olurdu ki, zəif təsir bağışlasaq da, qələbə qazanırdıq. Amma “Sabah”la oyunda tam əksi oldu”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında”Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov deyib.

Müdafiəçi bu məğlubiyyətdən (0:1) sonra komandada hansısa enişin olacağını düşünmədiyini bildirib: “‘Sabah”a qarşı ən yaxşı oyunlarımızdan birini göstərsək də, məğlubiyyətimizlə barışdıq. Qol epizodları baxımından üstün tərəf biz idik. Təəssüf ki, qələbə qazana bilmədik. Bu məğlubiyyətdən sonra komandada hansısa enişin olacağına inanmıram. Soyunub-geyinmə otağında da məşqçimiz göstərdiyimiz oyuna, mübarizəyə görə bizə təşəkkür etdi. Məşqçinin verdiyi tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışaraq, bu qədər uzun seriyanı yaxalamışdıq. Çox yaxşı, mehriban və xarakterli kollektivə malikik. Bu da oyunlarımıza öz təsirini göstərir”.

Abbasov mövsümün ikinci yarısının daha çətin olacağını söyləyib: “‘Mövsüm hələ uzundur. İkinci hissə daha çətin olacaq. İnanıram ki, bu motivasiyanı davam etdirərək, daha yaxşı oyunlar göstərəcəyik. Şükürlər olsun ki, komandamızda ruh düşkünlüyü yaşanmır. Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq. Bacardığımız qədər zəif nöqtələrimizi gücləndirəcəyik. Yenidən bu seriyanı davam etdirməliyik. Qarşıda çətin “Qarabağ” səfərimiz var. Rəqibin gücünə hər birimiz bələdik. Lakin bu, futboldur və biz onlardan çəkinmirik. Çalışacağıq ki, yaxşı hazırlaşaraq, istədiyimiz oyunu göstərək, yaxşı da nəticə qazanaq”.

GÜNAY SÜLEYMANOVA

Shares: