Misli Premyer Liqasının 17-ci turu “Araz-Naxçıvan”ın qələbə seriyasının qırılması, “Qarabağ”ın liderliyə qayıtması ilə yadda qaldı. Turun iki görüşü qolsuz bərabərliklə nəticələndiyi halda, “Neftçi” əzəli rəqibi ilə dueldə aktivinə 3 xal yazdırdı.

Hüseynovun ilk xalı, “Şamaxı”dan məğlubiyyət seriyasına son

Cavid Hüseynovun gəlişindən sonra çempionatda xal qazana bilməyən “Səbail” uğursuz gedişata “Şamaxı” ilə səfər matçında son qoymaq niyyətində idi. Öz növbəsində, son 3 turda məğlubiyyətlə üzləşən meydan sahibləri də tilsimi qırmağı hədəfləmişdilər.

Meydanın qarlı olması hər iki komandanın işini daha da çətinləşdirmişdi. Bununla belə, həm “Şamaxı”, həm də “Səbail” əzmkar mübarizə göstərdi. İlk hissənin əvvəlləri qonaqların üstünlüyü şəraitində keçdi. Bu müddətdə “Səbail” bir neçə qol epizodu yaratsa da, Cavid Hüseynovun komandası hesabı aça bilmədi.

Hissənin sonlarına yaxın isə “Şamaxı” təzyiqi artırdı. Ayxan Abbasovun yetirmələri fasiləyədək hesabda önə keçməyi hədəfləsələr də, “Səbail”in qapıçısı Hüseynəli Quliyevin inamlı oyunu buna imkan vermədi.

İkinci hissə daha maraqlı mübarizə şəraitində keçdi. Həm meydan sahibləri, həm də qonaqların fərqlənmək imkanları oldu. Lakin toru silkələmək heç bir komandaya müəssər olmadı. Nəticədə FİFA referisi Əliyar Ağayevin final fiti qolsuz heç-heçəni rəsmiləşdirdi. Bununla “Şamaxı” 3 oyunluq məğlubiyyət seriyasına son qoydu, “Səbail” isə Cavid Hüseynovun rəhbərliyi altında çempionatda ilk xalını qazandı.

Berezutskidən uğurlu davam

“Araz-Naxçıvan” – “Sabah” matçı turun ən maraqla gözlənilən matçlarından biri idi. Çempionatın son 5 oyununda qələbələri sıralayan Naxçıvan təmsilçisi uğurlu seriyasını davam etdirmək istəyirdi. Ancaq Vasili Berezutskinin gəlişindən sonra məğlubiyyət üzü görməyən “Sabah” da meydana ən azı 1 xal qazanmaq üçün çıxmışdı.

İlk hissə “Araz-Naxçıvan”ın üstünlüyü şəraitində keçsə də, meydan sahibləri hesabı açmağa nail olmadılar. Elmar Baxşıyevin komandası ikinci hissəyə daha istəkli başladı və təzyiqi artırdı. Fasilədən sonrakı 15 dəqiqə ərzində “Araz-Naxçıvan” bir neçə dəfə qol vurmağa yaxın oldu. Hətta epizodların birində Tellur Mütəllimov iki dəfə topu boş qapıdan çıxardaraq hesabın açılmasına imkan vermədi.

“Araz-Naxçıvan” qol axtardığı dəqiqələrdə gözlənilmədən qapısından top buraxdı. 78-ci dəqiqədə kornerdən sonra Coy-Lens Mikels rəqibin qapısı önündə yaranan qarışıqlıqdan məharətlə istifadə edərək hesabı açdı.

Bundan sonra meydan sahibləri daha böyük qüvvə ilə irəli atıldılar. Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə “Sabah” rəqibini əks-hücumda yaxalayaraq az qala ikinci qolu vuracaqdı. Ancaq Xəyal Əliyevin uzaq “doqquzluğa” vurduğu zərbədə dəqiqlik çatışmadı. Bununla belə, hakimin final fiti “bayquşlar”ın səfər qələbəsini rəsmiləşdirdi. Bununla da “Araz-Naxçıvan”ın 5 oyunluq qələbə seriyasına son qoyuldu.

Praqmatik oyun və hərəyə 1 xal

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Turan Tovuz” 4-cü pillədə yer alan “Zirə”nin qonağı oldu. Matçın ilk hissəsi olduqca sönük keçdi. Hər iki komanda ehtiyatlı oyuna üstünlük verdiyindən, azarkeşlər ilk 45 dəqiqə ərzində real qol epizodunun şahidi olmadılar.

Qarşılaşmada ilk təhlükəli hücum 55-ci dəqiqəyə təsadüf etdi. “Zirə”nin hücumçusu Davit Volkovun başla zərbəsini qonaqların qapıçısı İvan Konovalov dəf etdi. “Turan Tovuz”un cavab hücumunda isə qonaqlar meydan sahiblərinin cərimə meydançasında yaranan qarışıqlıqdan istifadə edə bilmədilər.

İkinci hissədə də çox qol vəziyyəti olmadı. Hiss olunurdu ki, komandalar meydana ilk növbədə uduzmamaq üçün çıxmışdılar. Buna görə də praqmatik oyuna üstünlük verirdilər. Yekunda həm “Zirə”, həm də “Turan Tovuz” aktivinə 1 xal yazdırdı.

“Neftçi”nin 3-cü qələbəsi

Əzəli rəqiblərin duelində “Neftçi” “Kəpəz”i qəbul etdi. Oyun kuryoz qolla başladı. 4-cü dəqiqədə qonaqların futbolçusu Valdemar Almeydanın geriyə ötürməsindən sonra qapıçı Rojerio Santos topu uzaqlaşdırmaq istəyərkən səhvə yol verdi və onun zərbəsinə ayaq qoyan “Neftçi”nin forvardı Yeqor Boqomolski hesabı açdı.

Gəncə təmsilçisi bu qolun şokundan ayılmamış az qala ikinci dəfə mərkəzə dəvət olunacaqdı. Ancaq kornerdən sonra Yuri Matiasın fərqlənməsinə Santos əla seyvlə mane oldu. Bununla belə, “Neftçi” çox keçmədi ki, ikinci qolu vura bildi. 22-ci dəqiqədə Edvin Kuçun ara ötürməsindən sonra Filip Ozobiç qolkiperlə üzbəüz qaldı və şansı qaçırmayaraq adını tabloya yazdırdı. İlk hissə “Neftçİ”nin 2:0 hesablı üstünlüyü ilə nəticələndi.

Fasilədən sonra “Kəpəz” təzyiqi artırdı və ardıcıl hücumlar qurmağa başladı. Qonaqlar 77-ci dəqiqədə istəklərinə çatdılar. Orxan Əliyev rəqibin cərimə meydançası daxilində ani dönərək uzaq küncü dəqiq nişan aldı.

“Kəpəz” son saniyələrdə bərabərlik qolunu da vura bilərdi. Lakin qapıçı ilə təkbətək çıxan Viktor Braqanın zərbəsini Emil Balayev dəf etməyi bacardı. Nəticədə əzəli rəqiblərin dueli “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə nəticələndi. Bu, “ağ-qaralar”ın Misli Premyer Liqasının carin mövsümündə 3-cü qalibiyyəti oldu.

Qurban Qurbanov sabiq yetirməsinə rəhm etmədi

Tura “Qarabağ” – “Sumqayıt” matçı ilə yekun vuruldu. Ağdam klubu oyuna ikinci heyətlə çıxmasına rəğmən, meydanı böyükhesablı qələbə ilə tərk etdi. İlk hissə bitəndə Qurban Qurbanovun komandası artıq 3:0 hesabı ilə öndə idi. 7-ci dəqiqədə Nəriman Axundzadənin ötürməsini qolla tamamlayan Musa Qurbanlı 33-cü dəqiqədə Nərimanın növbəti ötürməsindən sonra bir qədər irəlilədi və uzaq küncü dəqiq nişan aldı. 45-ci dəqiqədə isə Axundzadə özü fərqləndi. O, Leandro Andrade ilə paslaşdıqdan sonra yaxın məsafədən topu tora qovuşdurdu.

“Qarabağ” qollarına ikinci hissədə də davam etdi. 75-ci dəqiqədə oyuna bir qədər öncə daxil olan Redon Cica fərqləndi. O, Aleksey Kaşukun ötürməsindən sonra topu sol ayağı ilə ram edərək, sağ ayağı ilə qapıdan keçirdi.

Görüşdə son nöqtəni isə 90+2-ci dəqiqədə Toral Bayramov qoydu. O, cərimə zərbəsindən yaxın küncü dəqiq nişan alaraq adəti üzrə baxımlı qola imza atdı. Beləliklə, “Qarabağ” “Sumqayıt”ı darmadağın edərək turnir cədvəlinin birinci pilləsinə yüksəldi. “Kimyaçılar”ın çalışdırıcısı Vaqif Cavadov isə sabiq baş məşqçisi Qurban Qurbanovla ilk duelindən ağır məğlubiyyətlə ayrıldı.

CAVAD

Shares: