“Kəpəz” klubunun futbolçusu Orxan Əliyevin futbolinfo.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 17-ci turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzdunuz. Matçın ilk hissəsini çox zəif keçirdiniz. Bunun səbəbini nədə görürsünüz?
- Həqiqətən də, oyuna pis başladım. Birinci hissə bizim üçün pis keçdi. Erkən qol buraxdıq. Bu, bizə təsir etdi. Fasiləyədək meydanda heç nə istədiyimiz kimi alınmırdı.
- İkinci hissədə isə tam fərqli “Kəpəz” gördük. Maraqlıdır, fasilədə baş məşqçi Azər Bağırov sizə hansı tapşırıqları verdi, nə dedi ki, ikinci yarıda komanda özünə gəldi?
- Düz qeyd etdiniz, ikinci hissədə öz oyunumuzu göstərə bildik. Baş məşqçimiz bizə dedi ki, çıxın, öz oyunuzu göstərin. Fasilədən sonra çoxlu qol vəziyyətləri yaratdıq, hesab arasındakı fərqi azaltdıq. Amma məğlubiyyətdən xilas olmaq, qələbə qazanmaq üçün bu, az idi.
- Bu görüşdə qol vursanız da, bu, “Kəpəz”in xal qazanması üçün yetərli olmadı. Öz performansınızı necə dəyərləndirirsiniz? Matçdan öncə “Neftçi”yə qol vuracağınızı hiss edirdiniz?
- Təəssüflər olsun ki, qol vursam da, bu, məğlubiyyətdən qurtulmaq üçün yetərli olmadı. Bu görüşdə xal qazana bilmədik. Öz çıxışıma gəlincə, daha da yaxşı oyun göstərə bilərdim. Amma ümumi götürsək, pis təsir bağışlamadım.
- Bu ilin son oyununda – Premyer Liqanın növbəti turunda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?
- Bizə mütləq qələbə lazımdır. İlk növbədə, 3 xal haqda fikirləşirik. Əslində, bütün oyunlara bu istəklə çıxırıq. Çalışacağıq ki, “Sumqayıt”la görüşdə yaxşı və maraqlı oyun göstərək. Meydanı uğurlu nəticə ilə tərk edəcəyimə inanıram.
- Necə düşünürsünüz, bu heyətlə Premyer Liqada qalmaq mümkündür, yoxsa qışda komanda mütləq gücləndirilməlidir?
- Vaxt lazımdır. Qış fasiləsindən sonra necə çıxış edəcəyimizi hamı görəcək. İnanıram ki, hər şey “Kəpəz” üçün yaxşı olacaq.
G
FƏRİD