“Çətin və ağır oyun oldu. “Qarabağ” kimi rəqibə qarşı mübarizə aparmaq asan deyil. Komandamız meydanda əzmlə vuruşsa da, son dəqiqədə ani diqqətsizlik səbəbindən qol buraxdıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Rüfət Abbasov deyib.
Müdafiəçi “Qarabağ”a qarşı son saniyələrə qədər mübarizə apardıqlarını vurğulayıb: “Rəqibin oyun üslubu barədə məşqçilərimiz bizə ətraflı məlumat vermişdi. Biz də onların üstün cəhətlərinin qarşısını almağa çalışdıq. Amma “Qarabağ”ın gücü və futbolçularının keyfiyyəti göz önündədir. Buna baxmayaraq, son saniyəyə qədər mübarizəni davam etdirdik. “Qarabağ”ın daha təcrübəli və tədbirli olması nəticəni müəyyənləşdirdi. Bu da təsadüfi deyil. Komanda artıq 10 ildir ki, ardıcıl olaraq Avropa Liqasının qrup mərhələsində çıxış edir. Bu, onların üstün cəhətlərindən biridir. Oyunda fərqlənmək üçün bizim də şanslarımız oldu. Mickelsin zərbəsi qapı tirinə dəydi, Edqarın epizodu isə çox cüzi ofsaydla nəticələndi. Ümid edirəm ki, bu oyunda dəyərləndirə bilmədiyimiz epizodları növbəti matçlarda dəyərləndirəcəyik”.
Abbasov qış fasiləsindən sonra daha da güclənəcəklərini bildirib: “Qış fasiləsi ərzində daha çox məşq edib, güclənməyi və mövsümün ikinci yarısına daha hazırlıqlı başlamağı planlaşdırırıq. Komanda olaraq əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Amma bu, yalnız yeganə məqsəd uğrunda mübarizə aparacağımız anlamına gəlmir. Əlimizdən gələni edəcəyik ki, turnir cədvəlində daha yüksək pillələrdə qərarlaşaq”.
19 yaşlı futbolçu milli komandaya dəvət almaq planını da açıqlayıb: “Bu mövsüm Premyer Liqada oynamaq şansı qazanmışam və bunun məsuliyyətini hiss edirəm. Öz üzərimdə daha çox çalışaraq inkişaf etməyə səy göstərirəm. Əsas hədəfim isə məşqlərdə özümü yaxşı tərəfdən göstərərək, komandama maksimum fayda verməkdir. Məşqçinin tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirib milli komandaya dəvət almaq istəyirəm”.
GÜNAY SÜLEYMANOVA