Cüdo üzrə dünya çempionu, Argentina və Kanada millilərinin sabiq məşqçisi, Beynəlxalq Cüdo Federasiyası Akademiyasının eksperti Daniela Krukover Azərbaycan İdman Akademiyasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri üçün keçirilən dərslərdə iştirak edib.

Futbolinfo.az xəbər verir ki, məşqçilik üzrə təhsil alan tələbələrə öz töhfələrini verən mütəxəssis öyrənmə prosesinin məşqçilərdən başladığını, buna görə də bu proqramın Azərbaycan cüdosunun inkişafında vacib yer tutduğunu və proqramda iştirakından məmnun olduğunu söyləyib.

Proqramda iştirak edən tələbələrin dərslərə ciddi və həvəslə yanaşdığını müşahidə edən Daniela Krukover bunun əsas səbəbinin dərslərin yüksək səviyyədə həyata keçirilməsi olduğunu qeyd edib.

Layihənin Azərbaycan cüdosunun inkişafına olan müsbət təsirlərindən söz açan ekspert gələcəkdə Azərbaycanda cüdo ilə bağlı keçirilən başqa layihələrdə də iştirak etmək istədiyini bildirib.

Shares: