Qış fasiləsində Misli Premyer Liqası komandaları heyətində bir sıra dəyişiklikləredəcək. Klublar artıq gedəcək və yeni gələcək futbolçularını müəyyənləşdirməkdədir.
Futbolinfo.az xəbər verir ki, “Şamaxı” da heyətinə əl gəzdirəcək. Hələ mövsüm yarılanmamış 3 futbolçunu heyətdən kənarlaşdıran bölgə klubu 6-7 transfer etməlidir. Bunun səbəbi daha 3 futbolçunun yola salınacağıdır.
İlkin Muradov, Adil Nağıyev və Georgi Kantariya ilə müqavilələrə müxtəlif səbəblərdən qarşılıqlı razılıqla xitam verən “Şamaxı” Ramin Əhmədov və Qurban Səfərovu da yola salacaq. Heyətə düşməkdə çətinlik çəkən bu oyunçuların I Liqa komandalarında oynaması üçün şərait yaradılacaq. Legionerlərdən isə ümidi doğrultmayan Conatan Bentekenin yola salınacağı çoxdan bəlli idi.
“Şamaxı” bu futbolçuların gedişindən sonra bir neçə legioner gətirəcək. Yerli futbolçuların da transferinə çalıışan bölgə təmsilçisi hələlik yalnız Cəlal Hüseynovun gəlişinə nail olub. Mərkəz müdafiəçisi Bolqarıstan “Arda”sından icarəyə götürüləcək.