“Fənərbaxça” basketbol klubu “Paris” komandası ilə 17-ci tur matçını təxirə saldığına görə Avroliqanı tənqid edib. Bunun da səbəbi bildirişin gec gəlməsi və vəziyyətin liqa standartlarına uyğun olmamasıdır.

Xatırladaq ki, Avroliqa bu görüşü Fransa komandasının oyunçuları arasında xəstəliyin yayılması səbəbindən təxirə salıb. “Paris” komandasının heyətində epidemiyanın yayılmasına görə basketbolçuların əksəriyyəti xəstələnib. Reqlamentə uyğun olaraq hər hansı bir komandanın heyətində ən azı 8 basketbolçu olmalıdır.

“Biz “Fənərbaxça”, Avroliqanın ən önəmli iştirakçılarından biri olaraq hər zaman qurumun Avropa basketbolunun ən yüksək səviyyədə təmsilçisi olmaq missiyasını bölüşür və bunun üçün lazım olan bütün addımları atırıq. Lakin təəssüflə qeyd edirik ki, dünən yaranmış vəziyyət bu təşkilatın ciddiliyinə və səviyyəsinə uyğun gəlmir.

Avroliqa basketbol həvəskarlarına Avropanın ən xüsusi oyunlarını və rəqabət səviyyəsini təklif etsə də, öz şərtlərinə görə iştirakçı komandalar üçün çox çətin bir marafondur. Bu səbəbdən də onun tələblərinin yerinə yetirilməsinə cavabdeh olan təşkilatların yaradılmasını tələb edir.

İki turluq həftələr, eləcə də yerli liqalar nəzərə alınmaqla mövsüm ərzində keçirilən çoxlu sayda matçlar komandaları daha böyük heyətlərlə meydançaya çıxmağa və büdcə çətinliklərinin öhdəsindən gəlməyə sövq edir.

Bütün bu tələblərə görə də, Avroliqa komandaları qaydalarla müəyyən edilmiş büdcələr çərçivəsində fəaliyyət göstərməlidir. Bu qərar gələcəkdə xoşagəlməz presedent yarada bilər. Bəzi klublar bundan sui-istifadə etməyə çalışar”, – deyə Türkiyə klubunun açıqlamasında deyilir.

Shares: