“Neftçi” həqiqətən gülməli vəziyyətdədir. Samir Abasov da komandanı buna görə ələ salır. Guya ki, yumor hissini işə salıb, əslində isə onun sözləri “Neftçi”ni ələ salmaq nümunəsidir. 18 tura 17 xal yığan, bir oyun az keçirmiş liderdən 27 xal geri qalan, 2 dövrəyə səfər qələbəsi qazanmayan komandanı elə ələ salmaq lazımdır.
“Neftçi” rəhbərliyi elə dünənki açıqlamasına görə Abasovu istefaya göndərməlidir. Xilaskar kim gətirilən biri öncə qışa kimi vaxt istəyir, indi yayı nişan verirsə, deməli, bacarıqsızdır, komandanı bu vəziyyətdən çıxarmaq gücündə deyil, bəhanələrlə vaxt qazanır. Misal kmi dediyi, “Neftçi”nin dominant futbol oynayacağı gün olan martı 22-sində Premyer Liqada oyun yoxdur. Abasov yəqin Novruz bayramında qoz-fındıq yeyəcəyinə işarə verib və nəticələrə münasibətində sətiraltı “nəsə” demək istəyib.
Bu açıqlamanın üstünə “Neftçi”nin bərbad nəticələrini də gəlib Abasovu istefaya göndərmək lazımdır – martın yox, dekabrın 22-də. Onsuz d mövsüm itirilib. Komandanın riyazi cəhətdən avrokuboka vəsiqə qazanmaq şansı var, lakin indiki oyunla mümkünsüzdür. Samir bəyin bərbad seleksya işinin yanvarda da təkrarlanacağını nəzərə alsaq, sabaha heç ümid yoxdur. Ölkə kuboku isə onun qazanılmayacağı dəqiqləşən günə kimi boş vəddir.
Abasovun mətbuat konfransını unudub dünənki oyundan danışsaq, meydan sahiblərinin qələbə üçün daha çox səy göstərdiyini vurğulamalıyıq. Fərq ondadır ki, “Turan Tovuz”un məhdud heyəti artıq tükənib, qışa kimi çətinliklə tab gətirdilər. Ona görə də həm “Zirə” ilə matçda, həm də dünən komanda daha çox döyüşməklə məşğul oldu. Ustalıq yetməyəndə sərt, kobud oyu ön plana çıxdı.
“Neftçi” ilk hissədə rəqibin oyununun alınmamasından məharətlə istifadə etdi. Lakin Filip Ozobiçin qolundan cəmi 9 dəqiqə sonra hesab bərabərləşdi. “Turan Tovuz” ikinci hissəni əsasən hücumda keçirsə də, daha artığına nail ola bilmədi. Ələ düşən3-4 real qol şansı dəyərləndirilməyincə xal bölgüsü qaçılmaz oldu.
Qərblilər cəmi 2 dəfə məğlub olsa da, heç-heçələrin çoxluğu üzündən mövqelərni əldən verir. Kurban Berdıyevin yetirmələri fasiləyə 3-cü pillədə yollanmağı bacardı, amma qışda toparlanmaq mümkün olmasa, eniş davam edəcək. “Qarabağ”la “Araz-Naxçıvan” çox irəli qaçıb, “Zirə” ilə “Sabah” isə avrokubok mübarizəsində sürəti artırır.
Mövsümdə 15-ci dəfə xal itirən “Neftçi” nəinki üst pillələrə layiq oynamır, hətta autsayderlər qrupundan çıxmağı da bacarmır. 4-cü pillə ilə 13 xallıq fərq var. Mövsümün qalan hissəsini gələn çempionata hazırlığa sərf etmək daha məntiqli olacaq. Bir şərtlə ki, komanda qışda həqiqətən düzgün işlər görsün.
Əsas rəqiblərin büdrəməsindən “Zirə” məharətlə istifadə etdi. Bügünkü matçların nəticəsindən asılı olmayaraq, “qartallar” fasiləyə 4-cü pillədə yollanır. “Səbail” üzərində qələbə çətinliklə qazanılsa da, ili major notda başa vurmaq mümkün oldu.
“Dənizçilər” isə hər keçən gün ümidlərini azaldır. “Kəpəz”in Sumqayıtla görüşdə xal qazandığını nəzərə alsaq, Bayıl təmsilçisi son pillədə daha “inamla möhkəmlənir”. Cavid Hüseynovun baş məşqçi postuna gəlməsi müsbət dəyişikliyə səbəb olmayıb. Yeni çalışdırıcının vaxtında komanda hələ qol vura bilməyib. “Şamaxı”dan qolsuz heç-heçə ilə alınan xalı nəzərə almasaq, Şahin Diniyevin gedişi heç nəyi dəyişməyib.
İlk gəldiyi vaxtlar vəziyyətdən çıxacaqları haqda vəd verən Hüseynov indi başqa şeylər danışır. Gənc məşqçi bu gedişlə 3 ilə 2 komandanı Premyer Liqadan düşürtməklə ad çıxaracaq.
FƏRİD