“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 18-ci turunun “Şamaxı” ilə matçından sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis 1:3 hesablı məğlubiyyət haqda bunları deyib:
“Bu oyunu heç cür aktivimizə yaza bilmərik. Yaxşı ki, qarşıda fasilə var. Mövsümün ikinci yarısına daha da yaxşı hazırlaşmalıyıq. Bizi qarşıda çətin oyunlar gözləyir.
Oyunçuları tanımaq üçün vaxtımız az idi. Amma artıq müəyyən şeyləri bilirik. Aqressiyanı daha da artırmaq istəyirik.
Bu gün “Şamaxı”nın əks-hücumları uğurlu alındı. Boşluqları bağlaya bilmədik. Bunun nəticəsində məğlub olduq. Sadə səhvlərimizi də qeyd etmək istəyərdim. Beş əvəzetmə etdik. İkinci hissəyə yaxşı başlamışdıq. Ancaq standart vəziyyətdən sonra qol buraxdıq. Bundan sonra vəziyyət bir qədər mürəkkəbləşdi. Amma nə edə bilərik, futbol belədir”.