“Turan Tovuz” qış fasiləsində ilk transferini reallaşdırıb. Qərblilər milli komandamızın yarımmüdafiəçisi Rəhim Sadıxovu heyətinə qatıb.
Futbolinfo.az xəbər verir ki, “Sumqayıt” futbolçusu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Hələlik klub rəsmi açıqlama verməsə də, tezliklə ayrılıq bəyan ediləcək. Elə tovuzlular da “kimyaçılar”ın rəsmi açıqlamasından sonra transferi elan edəcək.
Sadıxovun son turun “Kəpəz”lə oyununa aparılmaması bununla bağlıdır. Tovuzlularla anlaşma əldə edildiyindən, baş məşqçi Vaqif Cavadov fikri başqa yerdə olan yarımmüdafiəçini oynatmaqda məna görməyib.
Maraqlı olan 2026-cı ilədək müqaviləsi olan 28 yaşlı Rəhimlə müqavilənin qarşılıqlı razılıqla pozulmasıdır. “Sumqayıt” başqa klubun istədiyi birini öz xoşu ilə buraxırsa, deməli, burada başqa məqamlar var. Yəqin ki, tovuzlular bu keçid üçün pul ödəyəcək. Amma həmin maliyyəni “Sumqayıt” yox, klubun prezidenti, eyni zamanda Sadıxovun meneceri olan Riad Rəfiyev alacaq. Yəqin ki, Rəhimə imza haqqı və ya yüksək maaş ödəniləcək və həmin pul “müxtəlif üsullarla” bölüşdürüləcək.
Bunun başqa adı yoxdur. Əks halda, başqasının transfer etmək istədiyi müqaviləli oyunçu necə sərbəst yola salına bilər?
Bu, bizim ehtimalımızdır və təkzib üçün “Sumqayıt”a tribuna verməyə hazırıq. Buna gərək duymasalar, deməli, yazdıqlarımız həqiqətdir.
Doğrusu, “Turan Tovuz”un Rəhimi transfer etməsinin komandaya xeyirli olacağını düşünmürük. Bu futbolçu yalnız bir mövsüm “Sumqayıt”da parlaq çıxış edib, ona görə də milli komandaya cəlb olunub. Son illər çox zəif çıxış edən Sadıxov izləyirik və bu üzdən milli komandadan da kənarda qalıb. Qərb klubu yəqin ki, legioner limtinə görə yerli futbolçu sayını artırmaq üçün bu keçidə ehtiyac duyub. Amma onun Ayxan Hüseynov və ya Xəyal Nəcəfovdan yaxşı çıxış edəcəyini düşünmürük.
2019-cu ildə Moskva “Torpedo”sundan “Sumqayıt”a azad agent kimi gələn Rəhim, 2022-də eyni qayda ilə “Zirə”yə satılmışdı. İki ildən sonra geri qayıdan yarımmüdafiəçini Rəfiyev yenidən sata bildi.
FƏRİD