Qələbəsiz oyunlar seriyasına son qoyan “Şamaxı” yenidən “Neftçi”ni qabaqlayaraq 7-ci pilləyə yüksəldi. Bu, həm də Vasili Berezutskinin Azərbaycandakı ilk yenilgisi oldu.
Misli Premyer Liqasının 18-ci turu çərçivəsində baş tutan matç məşqçilərin duelində Ayxan Abbasovun parlaq qələbəsi ilə başa çatdı. Əlindəki heyətə görə rəqibini darmadağın etməyə məhkum olan Berezutski düz-əməlli “11-liy”i olmayan, məlum vidalardan sonra gənclərin ümidinə qalan meydan sahiblərindən sərt şapalaq aldı. Abbasov yerli gəncləri Azərbaycan futboluna qazandırmaqda ikən ölkəmizə məşqçilik öyrənməyə gələn rusiyalı son vaxtlar xoş təsir bağışlayan “Sabah”la uğurun davamını gətirə bilmədi.
Bu, təsadüfi qələbə deyil. “Sabah” kimi iddialı komandaya 3 qol vurmaq əsl komanda işidir. Abbasov rəqibi əla analiz edib hazırladığı taktika ilə layiq olduğu qələbəni əldə etdi. Şamaxılılar son pillədəki “Səbail”lə xal fərqini 8-ə qaldırıb dərin nəfəs aldısa, “Sabah” avrokuboklara yüksəlmək yolunda büdrədi, rəqiblərinə uzaqlaşmaq şansı verdi.
“Şamaxı” “Turan Tovuz” və “Qarabağ”a son dəqiqə qolları ilə uduzduğu matçlarda da xala layiq idi. Son vaxtlar göstərilən yaxşı oyunun mükafatı nəhayət, dünən gəldi.
Bu matç həm də qış fasiləsi üçün plan qurmaq şansıdır. Berezutski mövsümün gedişində gəldiyindən, onun işinə tam qiymət vermək olmur. Lakin indi “Sabah”ı dəyişmək üçün onun imkanı var. Rusiyalı yəqin ki, yeni transferlər istəyəcək. Yaxşı olar ki, Vasili öz səhvlərinə də baxsın. Onun heyəti tez-tez dəyişməsi, liderləri küsdürməsi yaxşı hal deyil. Coy-Lens Mikels, Amin Seydiyev, Elvin Camalov ehtiyatda qalmamalıdır. Dünənki 1:3 Berezutskiyə yaxşı dərs oldu.
“Qarabağ” əsas rəqiblərinin büdrədiyi turda özü də qələbə qazandı. Mövsümün sürpriz komandası olan “Araz-Naxçıvan”ın məğlub edilməsii ikinci pillə ilə 8 xallıq fərqin yaranmasına səbəb oldu. Ağdamlılar bir ara Elmar Baxşıyevin yetirmələrini irəli buraxsa da, ilin son matçındakı qələbə ilə hamı üçün əlçatmaz olduğunu növbəti dəfə isbatladı.
15 oyunluq məğlubiyyətsizlik seriyasından sonra ardıcıl 2 yenilgi naxçıvanlıların enişdə olduğunu göstərir. Amma yaranan fasilə bu komandanın işinə yarayacaq. Elmar Baxşıyevin futbolçuları toparlamaq üçün imkanı var. Yəqin ki, 1-2 transfer ediləcək və qışdan sonra vəziyyət dəyişəcək. Hətta ilk yarıdakı kimi parlaq oynamadan da avrokuboka yollanmaq mümkündür. Çünki əsas rəqiblər də sabit oynamır.
Beləliklə, qış fasiləsi başladı. Qısamüddətli istirahətdən sonra komandalar mövsümün ikinci yarısına hazırlığa start verəcək.
CAVAD