“Çətin oyun oldu. Qələbə qazanmaq şansımız olsa da, alınmadı. Təəssüf ki, qolumuz ofsayd səbəbi ilə sayılmadı. Bu epizodu tam izləyə bilmədiyim üçün konkret fikir bildirmək istəmirəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Ömər Buludov deyib.

Müdafiəçi “Qarabağ”a dünənki 0:2 hesablı məğlubiyyəti şərh edib: “Mövsüm ərzindəki üç məğlubiyyətimizin ikisi “Qarabağ”a qarşı oyunlarda alınıb. Təbii ki, biz də daha yaxşı nəticə əldə edib qələbə qazanmaq istəyirdik. Ümid edirəm ki, qarşıdakı oyunlar bizim xeyrimizə yekunlaşacaq. Hazırda qış fasiləsinə yollanırıq. Bu fasilədən maksimum istifadə edərək güclənmək və daha məsuliyyətli olmaq niyyətindəyik. Mövsüm üçün əsas hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Əlbəttə, çempion olmaq daha möhtəşəm olardı. Hər oyunda xal toplamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Görək mövsümün sonunda hansı nəticəni göstərə biləcəyik. Qış fasiləsinə ikinci pillədə yollandığımız üçün yaxşı komanda qurduğumuzun fərqindəyik. İnşallah, fasilədən sonra daha da güclənərək birinci pilləyə yüksəlmək üçün mübarizə aparacağıq”.

GÜNAY SÜLEYMANOVA

Shares: