“Neftçi”nin baş məşqçisi Samir Abasov klub rəhbərliyindən iki futbolçunun transferini istəyib. Paytaxt klubuna “Sumqayıt”dan ayrılaraq gələn çalışdırıcı keçmiş yetirmələrinin xidmətində maraqlıdır.

Futbolunfo.az xəbər verir ki, Abasov yerli oyunçu potensialının yetərli olmadığını düşünərək “kimyaçılar”dan Elvin Bədəlov və Səbuhi Abdullazadənin alınmasını istəyir. Rəhim Sadıxovu “Turan Tovuz”a buraxmağa razı olan sumqayıtlılar, yaxşı təklif olacağı halda sözügedən oyunçularla vidalaşmağın da əleyhinə deyil.

23 yaşlı Səbuhi “Sumqayıt” yetirməsidir. Dayaq yarımmüdafiəçisi bugünədək başqa komandanın formasını geyməyib. Rusiya “Zenit”inin yetirməsi olan Elvin isə 2019-cu ildə “Sabah”dan azad agent kim gəlib. 29 yaşlı mərkəz müdafiəçisi 2014-cü ilin yanvarından 2017-ci ilin yayınadək “Neftçi”də çıxış edib.

Xatırladaq ki, Bədəlovun “Sumqayıt”la müqaviləsi mövsümün sonunda başa çatacaq. Abdullazadə isə hələ növbəti mövsümü də “kimyaçılar”la olmalıdır.

Digər bir xəbərə görə, “Neftçi” “Sumqayıt”ın legionerlərini də hədəfə alıb. Abasov mümkün olacağı hada, Cordan Rezabala və Roi Kehatı transfer etməkdə maraqlıdır.

Shares: