Misli Premyer Liqasının XVIII turu Filip Ozobiç üçün əlamətdar olub.

Futbolinfo.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”la səfər oyununda fərqlənən yarımmüdafiəçi “Neftçi”nin heyətində çempionatda 10-cu qolunu vurub.

Bu, Ozobiçin 10 və daha çox qol vurduğu 3-cü komandadır. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə rəqib qapısına yol tapıb.

Filip Azərbaycan çempionatları tarixinə 3 klubda 10 və daha çox qol vuran ilk legioner əsilli futbolçu kimi düşüb. Azərbaycan millisinin xorvatiyalı yarımmüdafiəçisi bu qollardan bir hissəsini legioner statusu daşıdığı dövrdə vurub.

Ümumilikdə isə Filip 3 və ya daha çox komanda ilə 10 və ya daha çox qola imza atan 16-cı futbolçudur. Mütləq rekord isə Kənan Kərimova məxsusdur. O, 5 fərqli klubda buna nail olub. Kərimov “Qarabağ”da 16, “Kəpəz”də 14, “Şəmkir”də 19, “Turan”da 15, “Qəbələ”də 11 dəfə fərqlənib. Nazim Əliyev, Samir Əliyev, Vidadi Rzayev və Xaqani Məmmədov 4 klubda, 11 oyunçu isə 3 komandada belə məhsuldarlıq göstərib.

Shares: