Misli Premyer Liqasında ikinci dövrəyə yekun vuruldu. 18-ci tur qeyri-məhsuldar alındı. Təsadüfi deyil ki, 5 matçda qapılara cəmi 9 qol vuruldu.

Hərəyə 1 xal

Ötən tur əzəli rəqibi “Neftçi” ilə dueldən məğlub ayrılan “Kəpəz” 2024-cü ildə çıxdığı son matçdan qələbə ilə ayrılmaq niyyətində idi. Tovuza sərfəli nəticə dalınca gedən “Sumqayıt” isə “Qarabağ”a 0:5 hesablı məğlubiyyəti unutdurmaq istəyirdi.

Qolsuz nəticələnən matç əslində sürətli başladı. İkinci dəqiqədə Giorgi Karaişvili “Sumqayıt”ı hesabda önə keçirməyə yaxın olsa da, boş mövqedə olmasına rəğmən, topa yaxşı zərbə vura bilmədi. “Kəpəz”in cavab hücumu da təhlükəli alındı. Viktor Braqa rəqib qapıçı ilə təkbətək epizoddan məğlub ayrıldı. Onun zərbəsini dəf edən Mehdi Cənnətov qonaqları real qoldan xilas etdi.

20-ci dəqiqədə “Kəpəz”in üzvü Luis Paçunun uzaq küncə zərbəsində dəqiqlik çatışmadı. İlk hissədə Gəncə klubunun üstünlüyü hiss olunsa da, Azər Bağırovun komandası bunu hesabda əks etdirə bilmədi.

İkinci hissədə isə “Sumqayıt” daha fəal idi. Kamran Quliyev fasilədən sonra 2 dəfə fərqlənməyə yaxın olsa da, hər iki fürsəti boşa verdi. Ardınca Rövlan Muradovun iti bucaq altında zərbəsi qeyri-dəqiq alındı.

“Kəpəz”in ikinci hissədə bir real qol epizodu oldu. Onda da Karim Lkouçanın zərbəsi dəqiq alınmadı. Beləliklə, hakimin final fiti qolsuz heç-heçəni rəsmiləşdirdi. Bu nəticədən sonra “Kəpəz”in qış fasiləsinə 9-cu, “Sumqayıt”ın isə 6-cı pillədə yollanması dəqiqləşdi.

“Neftçi” qış fasiləsinə 8-ci pillədə yollandı

Turun maraqla gözlənilən oyunlarından biri “Turan Tovuz” – “Neftçi” matçı idi. Ötər turda digər əzəli rəqibi “Kəpəz” üzərində qələbə qazanan (2:1) “ağ-qaralar” bu dəfə tovuzlulara eyni aqibəti yaşatmaq istəyirdilər. Ancaq meydan sahibləri də doğma azarkeşləri önündə qələbə qazanmaq niyyətində idilər.

İlk hissə qol vəziyyətləri baxımından o qədər də maraqlı keçmədi. Bununla belə, fasiləyədək matçda hesab açıldı, özü də qol vuran tərəf qonaqlar oldu. Mark Tamaşın başladığı, Mustafa Sekin davam etdirdiyi hücumun yekununda Filip Ozobiç yaxın küncü dəqiq nişan aldı.
“Turan Tovuz” fasiləyədək hesaba tarazlıq gətirə bilərdi. Ancaq Faiq Hacıyevin ötürməsindən sonra Aleks Souzanın zərbəsi qapıçının üstünə getdi. Braziliyalı hücumçu bu epizodu dəyərləndirə bilməsə də, 54-cü dəqiqədə adını tabloya yazdırmağı bacardı. O, künc zərbəsindən havalandırılan topu başla qapıdan keçirdi – 1:1.

Hesabı bərabərləşdirən Kurban Berdıyevin komandası qalan dəqiqələrdə qələbə qolunu vurmaq üçün irəli atıldı. Üstünlüyü tam ələ keçirən “Turan Tovuz” bir neçə real qol epizodu yaratdı. Lakin növbəti fürsətlərdən yararlanmaq mümkün olmadı. Belə olan halda, 18-ci turun Tovuzda keçirilən ikinci qarşılaşması da heç-heçə ilə nəticələndi. “Turan Tovuz” 2024-cü ili Misli Premyer Liqasında 3-cü pillədə tamamladığı halda, “Neftçi” qış fasiləsinə 8-ci yerdə yollandı.

“Zirə” bu dəfə də “Səbail”ə şans vermədi

“Səbail”in qonağı olan “Zirə” ilk dəqiqələrdən ərazi üstünlüyünə yiyələndi. Çox keçmədi ki, Rəşad Sadıqovun komandası rəqib qapısı önündə təhlükəli epizodlar yaratmağa başladı. Qonaqlar ilk hissədə ən real qol şansını 42-ci dəqiqədə qaçırdılar. Həmin epizodda Salifu Sumanın zərbəsinin qarşısını qapı dirəyi kəsdi.

“Zirə” axtardığı qolu 77-ci dəqiqədə tapdı. Elçin Əlicanovun sağ cinahdan ötürməsini Giorgi Papunaşvili dəqiq zərbə ilə qola çevirdi. Bu, gürcüstanlı yarımmüdafiəçinin cari mövsümdə 5-ci qolu oldu.

Sonrakı dəqiqələrdə də üstünlüyü əldən buraxmayan “Zirə” meydanı vacib 3 xalla tərk etdi. Bu komandaların ilk dövrədəki görüşündə də sevinən tərəf “qartallar” olmuşdular.
Növbəti məğlubiyyətlə üzləşən “Səbail” qış fasiləsinə sonuncu pillədə yollandı. “Zirə” isə hazırda 4-cü yerdə qərarlaşıb.

Berezutskinin ilk məğlubiyyəti

Çempionatda 10 oyun idi qələbə qazana bilməyən, Misli Premyer Liqasının ikinci dövrəsində qalibiyyəti olmayan “Şamaxı” uğursuz gedişata “Sabah”la matçda son qoya bildi. Əslində, son turlarda qeydə alınan nəticələrdən sonra görüşün favoriti qonaqlar sayılırdılar. Ancaq Ayxan Abbasovun komandası bu görüşdə sensasiyaya imza atmağı bacardı.

Oyuna istəkli başlayan meydan sahibləri 23-cü dəqiqədə hesabı açdılar. “Şamaxı”nın futbolçusu Edqar Adilxanov rəqib müdafiəçi Con İrasabalın səhvindən maksimum yararlanaraq, topu tora qovuşdurdu.

Bu qoldan ruhlanan “Şamaxı” hesab arasındakı fərqi artırmaq üçün irəli atıldı. Ayxan Abbasovun yetirmələri ikinci qolu axtardıqları məqamda qapılarından top buraxdılar. “Sabah”ın hücumçusu Pavol Safranko cərimə meydançası daxilində ani çevrilərək sol ayağı ilə “doqquzluğu” dəqiq nişan aldı.

İlk hissənin qalan dəqiqələrində hər iki komandanın fərqlənmək imkanı olsa da, qapıçılar yaxşı oynadılar.

İkinci hissə də maraqlı mübarizə şəraitində keçdi. 55-ci dəqiqədə “Şamaxı” yenidən hesabda önə keçdi. Rafael Məhərrəmlinin kornerdən hava ötürməsini Belajdi Pusi dəqiq baş zərbəsi ilə qola çevirdi. Bu, Pusinin çempionatın cari mövsümündə 4-cü qolu oldu. Albaniyalı hücumçu ilk dövrədə də “Sabah”ın qapısına yol tapmağı bacarmışdı.

62-ci dəqiqədə “Şamaxı” üstünlüyünü 2 topa çatdırdı. Bu qolun vurulmasında da Rafael Məhərrəmli yaxından iştirak etdi. Məhz onun hava ötürməsindən sonra Pusi topu daha əlverişli mövqedə dayanan Leroy Mikelsin önünə atdı. O isə yaxın məsafədən fərqlənməkdə çətinlik çəkmədi.

Leroyun vurduğu qoldan dərhal sonra onun qardaşı, “Sabah”ın formasını geyinən Coy Lens Mikels meydana daxil oldu. Ancaq bu dəyişiklik də “bayquşlar”ı məğlubiyyətdən xilas etmədi. Beləliklə, “Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan çempionatında ilk məğlubiyyətini “Şamaxı”dan aldı.

“Araz-Naxçıvan” yenə “Qarabağ”la bacarmadı

Misli Premyer Liqasında hesabat turunun və 2024-cü ilin son oyununda “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul etdi. Turun mərkəzi qarşılaşmasında Ağdam klubu favorit hesab olunsa da, Naxçıvan təmsilçisi də meydana sərfəli nəticə qazanmaq üçün çıxmışdı.

Dəqiqələr keçdikdə komandalar sürəti artırdılar. “Qarabağ” epizodların birində Yassin Benzia ilə qola yaxın oldu. Ancaq onun zərbəsini “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram zərərsizləşdirə bildi. Qonaqların cavab hücumunda isə Nuno Rodriqesin yaxın küncə vurduğu zərbəyə “Qarabağ”ın qolkiperi Şahrudin Məhəmmədəliyev əla reaksiya göstərdi.

Az sonra günlərdir adı “Sevilya” ilə yanaşı çəkilən Juninyo yaxın məsafədən fərqlənə bilmədi. Bununla belə, “Qarabağ” fasiləyədək hesabı açmağı bacardı. Nəriman Axundzadənin ötürməsinə ayaq qoyan Benzia adını tabloya yazdırdı.

İkinci hissənin əvvəlində “Araz-Naxçıvan”ın aparıcı üzvü Felipe Santos əla zərbə ilə topu “Qarabağ”ın qapısından keçirsə də, hakim hücumun əvvəlində ofsaydın olduğunu əsas gətirərək, qolu qeydə almadı.

Matçda son nöqtəni Ağdam klubunun “10 nömrəsi” Abdullah Zubir qoydu. 62-ci dəqiqədə meydana daxil olan cinah yarımmüdafiəçisi cəmi 9 dəqiqə sonra fərqləndi. O, Nəriman Axundzadə ilə paslaşdıqdan sonra cərimə meydançasının daxilindən uzaq küncü dəqiq nişan aldı. Vurulan hər iki qolda Nərimanın məhsuldar ötürmə ilə yadda qalması diqqətdən qaçmadı.
Qalan dəqiqələrdə “köhlən atlılar” 3-cü qolu da vura bilərdilər. Lakin Toral Bayramovun zərbəsi dirəyə tuş gəldi.

Beləliklə, hakimin final fiti “Qarabağ”ın 2:0 hesablı qələbəsini rəsmiləşdirdi. Qurban Qurbanovun komandası çempionatdakı ən yaxın izləyicisinə ilk dövrədə də qalib gələ bilmişdi.

FƏRİD

Shares: