“Sabah” üzərindəki qələbə bizim üçün çox önəmli idi. Çünki son oyunlarda axırıncı dəqiqələrdə itirdiyimiz xalları bu dəfə qazandıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Səbayıl Bağırov bildirib.

Müdafiəçi komandanın əsas hədəfinin mümkün qədər yüksək pillələrdə qərarlaşmaq olduğunu qeyd edib: “Kollektiv olaraq nə lazımdırsa, etməyə çalışdıq. Vaxtında qollar vurub, sağlam müdafiə olunaraq 3 xalı əldə etdik. Komandamızın birliyi və bərabərliyi son oyunlarımızda da hiss olunurdu. Həqiqətən əzmkarlıq göstərsək də, axırıncı dəqiqələrdə qollar buraxaraq xallar itirirdik. Buna baxmayaraq, nə məğlubiyyətdə, nə də bərabərlikdə ruhdan düşmürdük. Komandamızın birliyi hər zaman qorunur və bunu çempionatın sonunadək davam etdirməyə çalışacağıq. “Sabah” üzərindəki 3:1 hesablı qələbədən sonra komandanın əhval-ruhiyyəsi möhtəşəm idi. Fasiləyə 3 xal qazanaraq yollanmaq bizim üçün xüsusi önəm daşıyır. Bu qələbəni öz azarkeşlərimiz önündə əldə etmək isə daha da sevindirici oldu. Ümumiyyətlə, “Şamaxı” olaraq bir mövsüm fasilədən sonra yenidən elitaya qayıdıb burada mübarizəni davam etdirmək bizə böyük motivasiya verir. Qarşıda hələ çox oyunlar var. Qazanacağımız hər xal bizim üçün vacibdir. Hədəfimiz xal toplayaraq mümkün qədər yuxarı pillələrdə qərarlaşmaqdır”.

Bağırov son oyunlarda kapitan kimi çıxış etməsi barədə də danışıb: “Kapitan olaraq meydanda olmaq böyük məsuliyyətdir. Hər zaman komandanı motivasiya etməlisən. Kapitanlıq yalnız sarğıdan ibarət deyil. Bu, oyundan və məşqdən sonra da davam edir. Komandadakı təcrübəli futbolçularla birlikdə bu birliyi qoruyub saxlamaq bizim əsas vəzifəmizdir”.

GÜNAY SÜLEYMANOVA

Shares: