Voleybol, üzgüçülük, aerobika, gimnastika kimi idman növlərində xanımları görməyə adət etmişik. Yəni illərdir kişilərlə bərabər zərif cinsin nümayəndələri də bu idman növlərində öz qabiliyyətlərini nümayiş etdirirlər.
Əlbəttə, idman elə bir sahədir ki, burada qadın – kişi ayırımı etmək düzgün deyil. Ancaq bir çox sahələr var ki, qadınlar orada özlərini görmür, ya da bu sahə onların diqqətini cəlb etmir. Məsələn, futbol, basketbol və s.
Ancaq bugünkü qəhrəmanımız bu fikrin tam əksini sübut edir. “Ümid” futbol komandasının üzvü Zeynəb Qədimli futbolu həyatının mərkəzində yerləşdirməyi bacarıb: “Küçədə oğlanlar futbol oynayırdı. Mən də onlara həmişə həvəslə baxırdım. Axırda məni də oyuna saldılar, oynadım. Uşaqlıqdan, televizordan futbola baxıb həvəsim yaranıb. Atam da məni futbola apardı, oradan da qız futbol məktəbinə gəldim. Ən böyük dəstəkçim atamdır. Atam hər oyuna gələndə mən özümü həvəsli, özgüvənimin daha da artdığını hiss edirəm. Atamın arxamda olduğunu görmək xoşdur, o, mənim dayağımdır. Ona görə daha da yaxşı olub atamı qürurlandırmaq istəyirəm”.
İdman və idmançı üçün dəyərli olan ən birinci nüans onlara sevdiklərinin göstərdiyi mənəvi dəstəkdir. Xüsusilə valideynlər övladını dəstəkləyirsə, bunu idmançı üçün uğura atılan addımların başlanğıcı hesab etmək olar. Zeynəbin atası Məhərrəm Qədimli də bunu düşünüb: “Zeynəb evdə aktiv uşaqdır. O, topla çox oynayırdı. Mən gördüm ki, istedadı var, aparıb futbola yazdırdım. Özüm narahat idim ki, yıxılar, əli-qolu zədələnər, ehtiyat edirdim. Ancaq gördüm ki, qabiliyyətlidir, uğurlar qazanmağa başladı. Və mən də həmişə Zeynəbin yanındayam, onu məşqə aparıram, dəstək oluram. Sevinəndə sevinirik, məğlubiyyət zamanı mən də üzülürəm, eyni zamanda evdə özüm də əlavə məşğul oluram. Çünki özüm də futbol üzrə keçmiş məşqçi-müəllim olmuşam. Onun bəzi qüsurlarını görürəm, düzəltməsini istəyirəm, bunun üçün çalışıram”.
Bir neçə il öncə ilə müqayisə edəndə qadınların futbola marağı artıb. Həm qazanılan uğurlar, həm də vaxtaşırı aparılan edilən maarifləndirmə, təbliğat işləri buna təkan verir. Məşqçi-müəllim Elnur Abdullayev də belə düşünür: “Ölkədə qadın futboluna maraq əvvəllərə baxanda nisbətən daha yaxşıdır. Misal olaraq elə Gəncə qadın futbolunu çəkə bilərəm. Şəhərimz bu il Azərbaycan çempionatında 3 komanda ilə təmsil olunur. Şükür, nəticələrimiz yaxşıdır. Digər komandaların da nəticələri qənaətbəxşdir. Keçən il bizim qızlar gözlənilməz bir nəticəyə də imza atdılar – ilk dəfə yarışda iştirak etmələrnə baxmayaraq Azərbaycan 3-cüsu oldular. Hamı gördü ki, qızlarla mütəmadi işləsən, oğlanlar kimi nəticələr əldə etmək olar”.
Uğurlu addımlar Zeynəbi gələcəyə ümidlə baxmağa, özünü futbolda təsdiq etməyə ruhlandırır: “Futbolla bağlı ən böyük hədəfim qələbələr qazanmaq, milli komandamızı başqa ölkələrdə təmsil etməkdir. Mənim həmişə ən böyük arzum bu olub. İndiyə kimi də bir çox qalibiyyətimiz olub. “Samux”u 8:0, “Kəpəz”i 5:0, “Tovuz”u 1:0 udmuşuq. Ümid edirəm ki, komandamla bu qalibiyyətlərimizin sayı artacaq”.
Uşaqlıqdan bizə öyrədilən mahnıda deyilirdi – “Kim sevirsə idmanı, poladdan olar canı”… Demək ki, idman təkcə oğlanlar, kişilər üçün deyil. Qız övladlarımızın da maraqları varsa, onları idmanın istənilən növünə yönəltmək lazımdır. Zeynəbin atası Məhərrəm Qədimli belə düşünür: “Qız ödladlarını idmandan uzaq tutan atalara bildirmək istəyirəm ki, uşağın futbola marağı varsa, qoy futbol oynasın. Başqa idman növləri olsun, fərqi yoxdur. Qız və ya oğlan, nəyə maraqları var, onunla məşğul olsunlar. Mən öz övladımın fikirlərinə valideyn olaraq hörmət edirəm. Və onunla qürur duyuram. Ona dəstək olduğum üçün şadam”.
Ataların qızlarını idmanda dəstəkləməsi sevindiricidir. Bu, gələcək üçün böyük ümidlər yaradır. Ancaq təəssüf ki, bir çox hallarda qız uşaqlarının idmana, ələlxüsus da futbola marağı birmənalı qarşılanmır. Bəlkə də bu ayrıseçkilik özünü elə “qadın futbolu” ifadəsində daha bariz şəkildə göstərir. Axı, biz “kişi futbolu” demirik…
BƏHRUZ MUSAYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu