CİES Futbol Observatoriyası 21 yaşadək futbolçuların milli çempionatlarda çıxışı ilə bağlı araşdırma aparıb.
Futbolinfo.az xəbər verir ki, qurum gənclərə ən çox şans verən liqalarla bağlı hesabatı açıqlayıb.
Maraqlıdır ki, Misli Premyer Liqası gənclərə ən az oynamaq imkanı yaradılan çempionatlar sırasında göstərilib. Mövsümün geridə qalan hissəsində meydana çıxan 212 futbolçudan yalnız 9-nun yaşı 21-ə qədərdir. Bununla Premyer Liqa 65 liqa arasında 62-64-cü yerləri bölüşdürür.
Çin və Yunanıstan liqaları da eyni göstəriciyə malikdir. Antirekord isə 7 gənclə Kipr çempionatına məxsusdur.
Siyahıya Niderland II Liqası başçılıq edir. Orada çıxış edən 412 oyunçudan 150-sinin yaşı 21 tamam olmayıb.