“Şamaxı”in müdafiəçisi Səbayıl Bağırovun futbolinfo.az saytına müsahibəsi

– “Şamaxı” ilin son matçında gözlənilmədən “Sabah”ı 3:1 hesabı ilə məğlub etdi. Bu qalibiyyəti gözləyirdiz?

– Bundan qabaqkı matçlara baxsaq, komanda əzmkarlıq göstərirdi, amma uduzurduq. Ondan öncəki matçlarda son dəqiqələrdə qollar buraxıb uduzurduq, xal itirirdik. “Sabah”la matça da qələbə üçün çıxmışdıq. Əzmkarlığımız bəhrəsini verdi və qalib gəldik. Hər oyuna qalibiyyət üçün çıxırıq və bunu gözləyirik.

– Çempionatın ilk yarısı başa çatdı. Geridə qalan 18 turu özünüz üçün necə dəyərləndirirsən?

– Ümumən baxdıqda, ilk yarı bizim üçün yaxşı keçdi. Düzdür, daha yaxşısı həmişə var. Bəlkə çox xal qazana bilərdik. Ümumi olaraq isə durum yaxşıdır. Bundan sonra da inamlı çıxış etməliyik, mövsümü daha yaxşı başa vurmalıyıq.

– Şəxsi olaraq bu dövrü necə qiymətləndirirsən? Səncə, daha çox şans qazanmağın üçün nə laızmdır?

– Özüm üçün yaxşı qiymətləndirirəm. Ümid edirəm ki, gələcəkdə bundan yaxşısı olacaq.

– Fasilədən necə yararlanacaqsız? Qış fasiləsi komandaya nə qədər kömək olacaq?

– Qış fasiləsini Bakıda keçirəcəyik və iki yoxlama oyunu oynayacağıq. Diqqətli olmaq, ciddi hazırlaşmaq lazımdır. Çempionatda mübarizə var, gərgin oyunlar olur. Rəqiblərimiz də güclənəcək. Biz də əlimizdən gələni edib, güclü olmalıyıq.

– “Şamaxı”dan 3 futbolçu göndərildi və onlar gedəndən sonra komandanın nəticələri yaxşılaşdı. Ümumiyyətlə, bu durum komanda daxilində ab-havaya necə təsir edirdi? Söz-söhbətlər və deyilənlər çətinlik yaradırdı?

– Bununla bağlı klub rəsmi açıqlama vermişdi. Ümumi baxsaq, hər futbolçunun öz qərarı var, bu gün burada, sabah başqa yerdə ola bilərlər. Klub isə daimidir və hədəfləri uğrunda mübarizə aparır. Biz də buradayıq, davam edirik. Çempionatı daha yaxşı pillədə bitirmək üçün çalışırıq.

– Mövsümün ikinci yarısında nə gözləyirsən? Komandanın əsas hədəfi liqada qalmaq olacaq?

– İnaniram ki, istəklərimizi reallaşdıra biləcəyik. Həm yaxşı yer uğrunda, həm Premyer Liqada qalmaq üçün çalışacağıq.

FƏRİD

Shares: