“Səbail”in futbolçusu Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 18-ci turunda “Zirə”yə uduzdunuz (0:1). Matçla bağlı fikirləriniz necədir?
– Yaxşı rəqibə qarşı oynadıq. Əfsuslar olsun ki, ani diqqətsizlikdən qapımızda qol gördük. Artıq bu oyun geridə qaldı. Qış fasiləsindən sonrakı matçları düşünməli, gələcək görüşlərə köklənməliyik.
– Cavid Hüseynovun baş məşqçi postuna gəlişindən sonra çempionatda hələ qələbə qazana bilməmisiniz. Bunun səbəbini nədə görürsünüz?
– Düşünürəm ki, bir az vaxt lazımdır. Baş məşqçimiz komandaya yeni gəlib, zamanla hər şey qaydasına düşəcək. İnanıram ki, qış fasiləsindən sonra yavaş-yavaş qələbələr gələcək.
– Başa çatmaq üzrə olan 2024-cü ili fərdi olaraq özünüz üçün necə dəyərləndirirsiniz? Bu il karyeranızda əsas nə ilə yadda qaldı?
– İlk yarım il mənim üçün pis olmadı. Amma ilin ikinci yarısı elə də yaxşı keçmədi.
– Qış fasiləsinə sonuncu pillədə yollandınız. Mövsümün əvvəlində yəqin ki, belə olacağını gözləmirdiniz. Komandanın əsas problemi nədir? Uğursuz çıxışı nə ilə əlaqələndirərdiniz?
– Əlbəttə, bu cür çıxış gözləmirdik. Belə olacağını mövsümün əvvəlində kimsə desəydi, inanmazdıq. Amma bu, baş verdi. Vəziyyəti dəyişməyə çalışmalıyıq. Əlimizdən gələnin ən yaxşısını edib çətin durumdan çıxmalıyıq.
– “Səbail”də qardaşınız Yusif Nəbiyevlə birlikdə çıxış edirsiniz. Oyunlardan və məşqlərdən kənarda da bir-birinizlə komandanın hazırkı durumu ilə bağlı söhbət edirsiniz?
– Bəli, həmişə bu haqda danışırıq, komandanın çıxışını, nəticələri bir-birimizlə müzakirə edirik. Qış fasiləsindən sonra hər şeyin düzələcəyinə ümidliyik.
– Çempionatın ikinci yarısından konkret gözləntiniz nədir? “Səbail” Premyer Liqadakı yerini qoruya biləcək?
– İnşallah, bunu bacararıq. Əlimizdən gələnin ən yaxşısı edəcəyik. Liqada qalmaq üçün sonadək mübarizə aparacağıq.
CAVAD