“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadzenin futbolinfo.az saytına müsahibəsi
– Keçən mövsüm Premyer Liqanı sonuncu pillədə bitirmək ağır zərbə oldu. Bu vəziyyətdə komandanı tərk etməmək qərarınızı necə şərh edərdiniz?
– Keçən mövsümdən sonra hamımız rəhbərliklə bir araya gəldik və qərara gəldik ki, qalaraq kluba yenidən yüksək liqaya qalxmaqda kömək edək. Bu, birgə qərarımız idi. Bəzən bir addım geri atmaq lazım olur ki, sonra iki addım irəli atasan.
– I Liqada 11 tur ərzində qol buraxmamaq çox təsirli göstəricidir. Bu nailiyyəti hansı amillərlə izah edərdiniz? Müdafiə xəttinin möhkəmliyimi?..
– Qol buraxmamağımız bizi sevindirir. Amma futbol komanda oyunudur. Ən əsas məsələ bizim futbolçularımızın işidir, onlar çox yaxşı işləyirlər. Və bu işdə hər şey mövcuddur – həm taktika, həm düzgün yerləşmə, həm də məşqçilərin futbolçularla verdiyi tapşırıqların yerinə yetirilməsi. Təbii ki, ən əsası fədakarlıqla oynamaqdır. Ümumiyyətlə, ortada komandamızın yaxşı işi var.
– Komandanın qış fasiləsinə lider olaraq yollanması sizə Premyer Liqaya qayıtmaq üçün əlavə motivasiya verir?
– Bəli, məqsədimiz yenidən Premyer Liqaya qayıtmaqdır. Bunun üçün çox çalışırıq və daha çox çalışmalıyıq. Hələ üzərində işləməli olduğumuz çox şey var. Oyunu yaxşılaşdırmaq üçün daha çox səy göstərməliyik. Və belə də edilir.
– Taktiki baxımdan I Liqanın səviyyəsinə uyğun dəyişikliklər etməli oldunuzmu?
– I Liqanın ən böyük problemi yaxşı stadionların olmamasıdır. Məsələn, “Mingəçevir”lə sonuncu oyun və ya “Karvan”la oynadığımız matç… Mən sadəcə, dəhşətə gəlmişdim. Əlbəttə, meydançalar daha yaxşı olsaydı, düşünürəm ki, Birinci Liqanın səviyyəsi daha yüksək olardı. Amma ən əsas şey budur ki, I Liqada daha çox mübarizə, daha çox fədakarlıq var. Biz buna uyğunlaşmalı idik. Bilirdik ki, hər bir oyun və hər bir xal çox çətin olacaq və həqiqətən də çətindir.
– Futbolçuları ruhlandırmaq üçün hansı üsullardan istifadə edirsiniz?
– İndi bunun haqqında danışmaq sanki düzgün olmaz. Hər bir məşqçinin öz yanaşması var – həm psixoloji, həm də texniki-taktiki baxımdan. Biz futbolçunu özümüzə uyğun olaraq ən yaxşı şəkildə hazırlamağa çalışırıq, necə ki, əvvəllər etmişdik və həmişə də edəcəyik.
– Qış fasiləsindən sonra komandanı necə formalaşdırmağı planlaşdırırsınız? Hədəfləriniz nədir?
– Bu istiqamətdə çox yaxşı komandayıq. Sadəcə, möhtəşəm bir prezidentimiz var. Həmişə bunu vurğulamaq istəyirəm, çünki onunla işləmək çox asan və çox rahatdır. O, öz işini görən və komandaya hər tərəfdən dəstək verən insandır. Ən əsas şey odur ki, o, idman direktoru və ya məşqçi heyətinin işinə heç vaxt müdaxilə etmir. Bu, ən vacibidir. Amma o, həmişə bizimlədir, bütün oyunlarda iştirak edir və hər zaman bizim yanımızdadır. Bu baxımdan, bizim işimizi çox asanlaşdırır, xüsusən də idman direktoru ilə bizim çox yaxşı münasibətlərimiz var. Əvvəl də Səbuhi Səfiyarlı ilə birgə işləyirdik. O, bizim metodlarımızı bilir. Baxmayaraq ki, yaxın dostuq, amma işə yanaşmamızda fərqlilik var. Biz öz işimizi meydana qoyuruq. Səfiyarlı futbolçuları seçir və bu, bizimlə müzakirə olunur. Hazırda bir neçə mövqe var ki, bu istiqamətdə güclənməliyik. O, bunun üzərində işləyir. Düzdür, I Liqaya peşəkar futbolçuları cəlb etmək çox çətindir, lakin biz yenə də futbolçuları çox diqqətlə seçməyə çalışırıq.
– Premyer Liqaya qayıtmaq başlıca məqsədinizdir, yoxsa komandanın daha sabit və uzunmüddətli inkişafına üstünlük verirsiniz?
– Klub həmişə inkişaf etməli və daim inkişaf etməyə can atmalıdır. Xüsusilə klubun çox yaxşı akademiyası var. Akademiya çox yaxşı işləyir və bizimlə birlikdə fəaliyyət göstərir. Bu istiqamətdə çox yaxşı münasibətlərimiz var. Komandamızda 60%-dən çox futbolçu akademiyadan çıxmış oyunçulardır ki, bu da çox vacibdir. Bu istiqamətdə daha çox işlər görəcəyik. İndi isə akademiyadan iki futbolçunu hazırlığa hazırlığa götürəcəyik. Onlara özlərini göstərmək üçün mütləq imkan verəcəyik. Klub həmişə inkişaf etməlidir. Amma, əlbəttə, “Qəbələ”nin şərtləri ilə. Düşünürəm ki, bu, yalnız bizim fikrimiz deyil. Məncə, bütün Azərbaycan bu cür infrastrukturla təchiz edilmiş klubdan məmnun olacaq. Klub mütləq Premyer Liqada iştirak etməlidir və orada daha da inkişafa çalışmalıdır.
– Sizcə, baş məşqçi olaraq bu çətinliklər sizin karyeranızda hansı iz buraxacaq?
– Bəzən bir addım geri atmaq lazım olacaq ki, sonra iki-üç addım irəli atasan. Mən buna, topladığımız kollektivə ümid edirəm. Biz klubun Premyer Liqaya qayıtmasını istəyirik. İnşallah, əgər bu gerçəkləşərsə, təbii ki, karyeram üçün də mühüm addım olacaq. Ümid edirəm ki, bundan sonra yalnız irəli addımlar atacağıq.
GÜNAY SÜLEYMANOVA