21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) Azərbaycan millisinin və “Qarabağ”ın hücumçusu Nəriman Axundzadəni 2024-cü ilin yaşı 21-dən aşağı olan ən yaxşı futbolçularının siyahısına daxil edib. O, ən çox məhsuldar ötürmə verən və qapıya zərbə vuran futbolçuların siyahısında 7-ci pillədə qərarlaşıb. Nəriman U-21-in də üzvüdür. Onun bu göstəricisi ilə bağlı fikirləriniz maraqlıdır.

– Sevindirici haldır ki, o siyahıda azərbaycanlının da adı var. Nəriman potensialı yüksək olan gənc futbolçudur. Nə qədər gözlənilməz olsa da, bir o qədər də sevindirici haldır. Dünya futbolunun gənc oyunçuları ilə bir siyahıda olması Nəriman üçün stimuldur ki, öz üzərində dayanmadan çalışsın və ustalıq səviyyəsini artırsın.

– Sizcə, Nəriman yaxın gələcəkdə ölkə xaricinə yollana biləcək? Onun legioner həyatı yaşamaq perspektivini necə dəyərləndirirsiniz?

– Qeyd etdiyim kimi, öz üzərində çalışıb, ustalıq səviyyəsini yüksəldərək xarici klubların diqqətini çəkib. Legioner həyatı yaşaması üçün Nərimanda hər bir şey var.

– Misli Premyer Liqasının ilk 2 dövrəsini U-21-in üzvləri üçün ümumilikdə necə qiymətləndirirsiniz?

– Əlbəttə ki, Premyer Liqada gənc futbolçuların sayının az olması üzücüdür. Bu cür davam edəcəyi halda, yaxın gələcəkdə əsas milliyə oyunçu tapmaq çox çətin olacaq.

– U-21 üzvlərinin Premyer Liqada az görünmələri nə ilə bağlıdır? Bu, onların öz günahıdır, yoxsa klubları qınamalıyıq?

– Uzun-uzadı danışıb problemi bir neçə istiqamətə yönəltmək olar. Bunu ilk növbədə, əksər klubların strategiyasının olmaması ilə əlaqələndirərdim. Yerli futbolçuların yetişdirilməsi istiqamətində maraqların olmamasını nəzərdə tuturam. Bu, mənim subyektiv fikrimdir.

– Çempionatın ilk yarısında sizi hansı komandalar müsbət və mənfi mənada təəccübləndirdi?

– Mövsümün əvvəlində “Araz-Naxçıvan”ın çempionatın ilk yarısını ikinci pillədə bitirəcəyini, “Qarabağ”la rəqabət aparacağını kimə desəydin, əlbəttə, heç kim inanmazdı. “Araz-Naxçıvan” yaxşı mənada hər kəsi təəccübləndirdi. Mənfi mənada isə “Neftçi”ni deyərdim. “Neftçi”nin nəticələri yaxşı deyil. “Qəbələ”də yaxşı nəticələr qazanmış Roman Qriqorçuku dəvət etmişdilər. Onun rəhbərliyi altında “Neftçi”nin mövsümə uğursuz start verəcəyini heç kim gözləmirdi.

FƏRİD

Shares: