Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov gələn ilin mart və iyun aylarında Avropa komandaları ilə yoldaşlıq görüşləri keçirəcəklərini açıqlayıb və namizədlər arasında Azərbaycan millisi də göstərilib.
Futbolinfo.az xəbər verir ki, Rusiya mətbuatının araşdırmasına görə, yığmamızın ruslarla qarşılaşmaq ehtimalı olduqca yüksəkdir. Rusiya futbol ictimaiyyəti hətta iki komanda arasında yoldaşlıq görüşünün martda baş tutma variantını daha inandırıcı sayır.
Qarşılaşmanın harada baş tutması barədə hələlik heç bir ehtimal yoxdur. FIFA və UEFA tərəfindən məlum qadağa ilə əlaqədar qarşılaşmanın Rusiyada təşkili mümkün görünmür. Ancaq millilərin Bakıda və ya üçüncü bir ölkədə təlim-məşq toplanışı çərçivəsində üz-üzə gəlmə şansı heç də az deyil.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələ oyunlarını 2025-ci ilin sentyabr, oktyabr və noyabr aylarında keçirəcək. Yığmamız mart və iyunda yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq.