“Sumqayıt”da baş məşqçi vəzifəsi iilə bağlı yaşanan qeyri-müəyyənlik bu günlərdə daha da aktuallaşıb.

Samir Abasovun “Neftçi”yə gedişi ilə boşalan posta müvəqqəti olaraq Vaqif Cavadov təyin edilmişdi. O, oktyabrın 14-dən etibarən bu vəzifəni icra edir və əvəzedici komandada qazandığı təcrübəni zənginləşdirib. Lakin qışadək bu posta təyinat almış mütəxəssisin taleyi bilinmir. Onun uğurla başladığı işə davam edəcəyi, yoxsa deyildiyi kimi, əcnəbi ilə əvəzlənəcəyi dəqiqləşməyib.

Futbolinfo.az olaraq, məsələni aydınlaşdırmaq üçün Cavadovla əlaqə saxladıq. O, zənglərimizi cavabsız qoyduğundan, klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə danışdıq: “Bununla bağlı hələ ki, son qərar verilmiş deyil. Yekun qərar qəbul olunduğu təqdirdə məsələ ilə bağlı rəsmi açıqlama klub tərəfindən veriləcək”.

Xatırladaq ki, “Sumqayıt”la bağlı suallar həddindən artıq çoxdur. Az qala bütün aparıcı oyunçuların qışda başqa komandalara keçəcəyi barədə şayiələr var. Heyət bu qədər zəifləyəcəksə, bəlkə heç Cavadovun komandada qalmaması daha yaxşı olar?

GÜNAY SÜLEYMANOVA

Shares: