Misli Premyer Liqasının cari mövsümünün ilk yarısında keçirilən 90 oyunda vurulan 222 qolun çoxu matçların ikinci hissəsinə təsadüf edib.

Futbolinfo.az saytının araşdırmasına görə, qarşılaşmaların ikinci 45 dəqiqələrində ümumilikdə 120 dəfə toru silkələmək mümkün olub. Birinci hissələrdə isə hakimlər 102 dəfə mərkəzi göstəriblər. Orta hesabla hər matçın ilk yarısında 1,13 qol, ikinci hissəsində isə 1,33 qol vurulub.

Birinci hissənin ən gec qoluna 45+3-cü dəqiqədə təsadüf olunub. O ki qaldı ümumilikdə ən gec qola, üç dəfə 90+5-ci dəqiqədə komandalardan biri qol sevinci yaşayıb.

90 qarşılaşmanın 90 dəqiqəsinin yalnız 11-i qolsuz keçib. Belə ki, 11, 23, 36, 61, 64, 65, 79, 80, 81, 82 və 83-cü dəqiqələrdə qol qeydə alınmayıb. Ən çox qol 76-cı dəqiqədə vurulub – 7. 48 və 90+4-cü dəqiqələrdə isə qapıçılar 6 dəfə topu tordan çıxarmalı olublar.

Qeyd edək ki, Misli Premyer Liqasının 18 turundan sonra “Qarabağ” 47 xalla turnir cədvəlinə başçılıq edir.

Shares: