“Sabah” klubunun müdafiəçisi Con İrasabalın futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının XVIII turunda “Şamaxı”ya 1:3 hesabı ilə məğlub oldunuz. Bu nəticəni gözləyirdiniz?

– Əlbəttə, yox. Qələbə qazanacaq səviyyədə oynamadıq.

– Bu, Vasili Berezutskinin rəhbərliyi altında ilk məğlubiyyətiniz oldu. Bəlkə rəqibin gücünü düzgün qiymətləndirmədiniz?

– Komandanın istənilən matçda qalib gələ biləcək potensialda olduğuna əminəm. Sadəcə, “Şamaxı” ilə görüşdə hər şey planlaşdırdığımız kimi getmədi. Qələbə qazanmaq üçün daha intensiv oynamalıyıq, biz futbolçularda daha çox köklənmə olmalıdır.

– “Sabah”ın qış fasiləsinə 5-ci pillədə yollanması sizi qane etdi? Niyə daha yaxşı nəticə göstərə bilmədiniz?

– Əlbəttə, bu mövqe bizi razı sala bilməz. Məqsədimiz avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdır. Bunun üçün də bayaq qeyd etdiyim kimi, intensivliyi artırmalı, hər oyuna maksimum konsentrasiya ilə çıxmalı və texniki cəhətdən özümüzü daha da inkişaf etdirməliyik.

– “Sabah” 18 oyuna 24 qol buraxıb və bu göstəriciyə görə 5 komanda sizi üstələyir. Komandanızın xal itkilərinə əsas səbəb kimi müdafiədəki zəif çıxışı göstərmək olar?

– Ola bilər. Ola bilsin, fərqlənmək üçün risk alırıq, bu da arxa xətdə müəyyən boşluqlara səbəb olur.

– Vaxtilə müdafiəçi olmuş Vasili Berezutskinin gəlişindən sonra məşqlərdə düzgün müdafiə olunmağın üzərində daha çox işləyirsiniz?

– Bəli, bunun üzərində çalışırıq. Berezutski öz mövqeyində ən yaxşılardan olub. O, bu istiqamətdə öz təcrübəsini bizimlə daim bölüşür.

– Qış fasiləsi “Sabah”a necə təsir edəcək? Komandanız mövsümü neçənci yerdə bitirə biləcək?

– Fikrimcə, fasilədən sonra komanda daha da artıracaq. Əvvəl da oxşar halla üzləşmişik və “Sabah” fasilədən sonra öz oyununu daha da təkmilləşdirib. Bu dəfə də belə olacağına inanıram.

FƏRİD

Shares: