Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədovun futbolinfo.az saytına müsahibəsi

– Çempionatın ilk iki dövrəsində hansı komanda boyundan yuxara tullana, sizi yaxşı mənada təəccübləndirə bildi?

– Ümumilikdə, komandaların oyununda qeyri-stabillik var idi. “Qarabağ”da da eniş oldu, bu da başadüşülən idi. Onlar fikirlərini daha çox avrokubok matçlarına yönəltmişdilər. Amma sonradan çempionatda da öz yollarına davam etdilər və qış fasiləsinə birinci pillədə yollandılar. Çempionatın ilk yarısını əsasən 2 komandanın – “Araz-Naxçıvan” və “Turan Tovuz”un aktivinə yazmaq olar. Fasiləyə qədər hər ikisi yaxşı çıxış etdi. “Turan Tovuz”un stabil çıxışında Kurban Berdıyev faktoru rol oynadı. “Araz-Naxçıvan”da da Elmar Baxşıyevin öz tanıdığı futbolçuları komandaya cəlb etməsi və rəhbərliyin yaxşı transferlər etməsi müsbət nəticəyə gətirib çıxartdı.

– Sizcə, bu iki komanda uğurlu çıxışını mövsümün sonunadək davam etdirə biləcək?

– “Araz-Naxçıvan” və “Turan Tovuz”un xal ehtiyatı kifayət qədərdir. Düşünürəm ki, hər ikisi hazırda qərarlaşdığı zonada qalmaq uğrunda sonadək mübarizə aparacaq. “Araz-Naxçıvan”ın bu zonada axıra qədər qalacağı daha realdır. “Turan Tovuz” isə heyətini bir qədər də gücləndirə bilsə, mövsümün sonunadək hazırkı mövqeyini qoruyacaq və yekunda avrokuboklara vəsiqə qazanacaq.

– Vasili Berezutskinin gəlişindən sonra “Sabah”ın çıxışını necə dəyərləndirirsiniz?

– Berezutski ilk oyunlarda ardıcıl qələbələr qazandı. Lakin sonuncu turda “Şamaxı”ya məğlub olması müəyyən suallar yaratdı. Təbii ki, hazırkı komanda Berezutskinin qurduğu komanda deyil. O, mövsümün gedişində gəlib və gəlişindən sonrakı müddətdə hansısa yeni futbolçu cəlb edilməyib. Qısa müddətdə öz oyun üslubunu oturtmaq da çox çətindir. Sadəcə, məşqçi yeni gələndə futbolçuların münasibəti istər-istəməz dəyişir, meydana daha istəkli çıxırlar, özlərini məşqçiyə sübut etmək istəyirlər. Bunun sayəsində komanda bir neçə qələbə qazandı. Berezutskinin işinə qiyməti qış fasiləsindən sonra versək, daha düzgün olar.

– Sabiq komandanız “Neftçi” mövsümə Roman Qriqorçukla başladı, çempionatın ilk yarısını Samir Abasovla bitirdi və qış fasiləsinə 8-ci pillədə yollandı. Bu barədə nə deyə bilərsiniz? Çempionatın ikinci yarısında “Neftçi”dən uğurlu çıxış gözləməyə dəyər?

– “Neftçi” qeyri-stabil çıxış etdi. Əslində, Roman Qriqorçukun daha yaxşı komanda formalaşdırmaq üçün yetərincə vaxtı var idi. İstədiyi transferlər olundu, komanda avrokuboklarda çıxış etmirdi. Rəhbərlik tərəfindən onun üçün hər bir şey edilmişdi. Amma çempionata uğursuz start verməsi onun istefasına gətirib çıxartdı. “Neftçi” tarixi ərzində mövsümə belə uğursuz başlamamışdı. Sonra Samir Abasov gətirildi. Komandanı sonradan götürmək həmişə məşqçi üçün böyük problemlər yaradır. Futbolçuları tanımaq, öz oyun fəlsəfəni oturtmaq üçün vaxt lazımdır. Artıq komandanı tanıyır, onun da işinə qış fasiləsindən sonra qiymət vermək daha məntiqlidir. Lakin Samir Abasovun gəlişindən sonra böyük dəyişiklik görülmədi. Düzdür, qələbə qazandığı oyunlar oldu, amma “Neftçi” adına layiq oyunu hələ tuta bilməyib. Çempionatın ikinci yarısındakı gözləntimə gəlincə, təbii ki, “Neftçi”dən həmişə uğur gözlənilir. “Neftçi”nin çempionatda ilk “dördlüyə” düşməsi çətindir. Amma kubok vasitəsilə avrokuboka vəsiqə qazana bilər.

– Oğlunuz Gülağa Əsədovun da yer aldığı “Səbail” klubu qış fasiləsinə sonuncu pillədə yollandı. Sizcə, komanda Cavid Hüseynovun rəhbərliyi altında çempionatın ikinci yarısında sonuncu yerdən qurtulmağı bacaracaq?

– “Səbail”in də işi çox çətindir. Şahin Diniyev aşağı büdcə ilə tam istədiyi komandanı yığa bilməmişdi. Cavid Hüseynov gələndən sonra ikinci problem üzə çıxdı. 3-4 futbolçu birdən-birə zədələndi. Nəticədə Hüseynov çətinliklə üzləşdi. Komandanı mütləq gücləndirmək lazımdır. Ən azı 4-5 futbolçu cəlb edilməlidir ki, çempionatda qalmaq uğrunda mübarizədən qalib ayrılsınlar. Hiss olunur ki, Cavid Hüseynov taktiki baxımından nələrisə düzəltmək istəyir. Bu, daha çox müdafiə fazasında görünür, amma hücum planında hələ problemlər var. Bu da hücumçuların zədəli olması ilə bağlıdır. Cavid Hüseynov da daxil olmaqla, yeni gələn bütün məşqçilərin işinə qış fasiləsindən sonra qiymət verə bilərik.

ABBAS

Shares: