Misli Premyer Liqasında 2024/25 mövsümü yarılandı. Cari sezonun ilk 2 dövrəsində hər komandanın heyətində müsbət mənada fərqlənənlər oldu. Bu yazıda turnir cədvəlinin ilk 5 sakininin heyətində mövsümün ilk hissəsində ən çox oyun keçirən, meydanda ən uzun müddət qalan və ən məhsuldar futbolçuları müəyyənləşdirəcəyik.

“Qarabağ”da fərqlənənlər – Hüseynov və Andrade

Başlayaq son çempion, qış fasiləsinə birinci pillədə yollanan “Qarabağ”dan. Ağdam klubunun heyətində cari sezonda 18 görüşün hamısında cəmi 2 futbolçu iştirak edib. Bunlar Abbas Hüseynov və Leandro Andradedir. Siyahıda 3-cü pillədə qərarlaşan Toral Bayramovun hesabında isə 17 matç var. 16 oyunda iştirak edən Yassin Benzia 4-cüdür. 5-ci pilləni isə hər birinin aktivində 14 görüş olan 3 futbolçu – Mateus Silva, Nəriman Axundzadə və Emmanuel Addai paylaşır.

Meydanda qaldığı dəqiqə baxımından da Abbas Hüseynov fərqlənib. O, bu dəfə şəriksiz liderdir – 1125 dəqiqə. Ümumilikdə 1233 dəqiqə oynayan Toral Bayramov bu dəfə ikincidir. Mateus Silva (1033 dəqiqə) üçüncü, Aleksey İsayev (1023 dəqiqə) dördüncüdür. Əvvəlki sıralamada 2-ci olan Leandro Andrade isə bu dəfə beşinciliklə kifayətlənib – 985 dəqiqə. Bu da baş məşqçi Qurban Qurbanovun Leandronu bəzi oyunlarda əvəzləməsi ilə bağlıdır.

“Qarabağ”ın heyətində Misli Premyer Liqasının cari sezonunun ən məhsuldar futbolçusu Leandrodur. Aktivində 7 qol olan Andradeni Bayramov izləyir. Toral qış fasiləsinədək 5 dəfə elita təmsilçilərini məyus edib. Yassin Benzia və Nəriman Axundzadənin aktivində 4 qol var. Olavio Juninyo, Abdullah Zubir, Aleksey Kaşuk, Redon Cica və Musa Qurbanlı isə hərəyə 3 dəfə fərqlənib.

“Araz-Naxçıvan”da seçilənlər

İkinci pillənin sakini “Araz-Naxçıvan”ın 18 oyunun hər birində iştirak edən futbolçu sayı 4-dür. Bunlar İqor Ribeyro, Miço Kuzmanoviç, Bernardo Dias və Ülvi İsgəndərovdur. Kristian Avram, Vanderson Melo, Ramon Maçado, Felipe Santos, Ürfan Abbasov və Nuno Rodriqes 17 matçda meydan üzü gördüyü halda, Bəxtiyar Həsənalızadə 16 qarşılaşmada özünü göstərmək şansı qazanıb. Ömər Buludov 15, Slavik Alxasov isə 13 oyuna çıxıb.

Meydanda qaldığı dəqiqə baxımından ən yüksək göstərici İqor Ribeyroya məxsusdur – 1620 dəqiqə. Bu siyahıda növbəti sıralarda Kristian Avram (1530 dəqiqə), Vanderson Melo (1530 dəqiqə), Ramon Maçado (1449 dəqiqə) və Felipe Santos (1430 dəqiqə) qərarlaşıb. Maraqlıdır ki, 18 matçın hamısında iştirak edən Miço Kuzmanoviç (1037 dəqiqə) bu dəfə ilk “beşlik”dən kənarda qalmaq bir yana, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Nuno Rodriqesi də qabaqlaya bilməyib.

“Araz-Naxçıvan”ın ən məhsuldar futbolçusu 8 qolla Felipe Santosdur. İkinci pillədə qərarlaşan Bernardo Dias 4, üçüncü pillədə yer alan Ramon Maçado isə 3 dəfə rəqib qapılarına yol tapıb. Qış fasiləsinədək cəmi 21 qol vuran “Araz-Naxçıvan”da qalan 6 qol isə 6 oyunçunun payına düşür.

“Turan Tovuz”un bombardiri müdafiəçidir

Keçək qış fasiləsinə 3-cü pillədə yollanan “Turan Tovuz”a. Təcrübəli mütəxəssis Kurban Berdıyev ilk 2 dövrədə 3 futbolçuya 18 oyunun hamısında şans verib. Söhbət Emmanuel Hakman, Alexandro Serrano və Otto Condan gedir. 4 futbolçu – İvan Konovalov, Şəhriyar Əliyev, Kristian da Silva və Faiq Hacıyev 17 matçda meydan üzü görüb. Xəyal Nəcəfov 16, Aleks Souza və Ayxan Quseynov 15, Denis Marandiçi və Roderik Miller isə 14 görüşdə iştirak edib.

Meydanda qaldığı müddətə görə Hakman (1620 dəqiqə) 1-ci, Serrano (1614 dəqiqə) 2-ci, Konovalov (1530 dəqiqə) 3-cü, Şəhriyar (1430 dəqiqə) 4-cü, da Silva (1415 dəqiqə) isə 5-cidir.

Maraqlıdır ki, çempionatın ilk yarısında ümumilikdə 24 qol vuran “Turan Tovuz”un ən məhsuldar futbolçusu müdafiəçi Roderik Miller olub – 4 qol. Qış fasiləsinədək tovuzluların heyətində Serrano və Con hərəyə 3 dəfə fərqləniblər. 6 oyunçunun aktivində isə 2 qol var. Bunlar Kristian da Silva, Faiq Hacıyev, Xəyal Nəcəfov, Aleks Souza, Ayxan Quseynov və Veysəl Rzayevdir.

“Zirə”də Volkov fərqi

Çempionatın ilk yarısında “Zirə”nin heyətində 2 futbolçu 18 görüşün hamısında iştirak edib. Baş məşqçi Rəşad Sadıqovun ən çox güvəndiyi oyunçular Davit Volkov və Ceyhun Nuriyev olub. Ruan Renato 17 oyunda komandasına kömək edib. Rafael Utziq, Salifu Suma, İsmayıl İbrahimli və Eldar Quliyev 16 matçda özlərini göstərmək imkanı qazanıblar. Aydın Bayramov və Ange Mutsinzi 15 qarşılaşmada meydan üzü görüblər. Rüstəm Əhmədzadə isə 13 oyunda baş məşqçinin etimadını qazanıb.

Meydanda keçirdiyi dəqiqə sayına görə isə liderlik Renatoya məxsusdur – 1463 dəqiqə. İkincilik 1350 dəqiqə meydanda qalan Aydın Bayramova aiddir. Üçüncü yerdə 1154 dəqiqə oynamaq imkanı qazanan Volkov qərarlaşıb. Utziq (1032 dəqiqə) 4-cü, Suma (1012) isə 5-cidir.

Qış fasiləsinədək ”Zirə”nin ən məhsuldar üzvü Volkov olub. Gürcüstanlı forvard 7 dəfə rəqibləri məyus edib. İkinci yerdə aktivində 5 qol olan Georgi Papunaşvili, üçüncü pillədə hesabında 4 qol olan Rafael Utziq qərarlaşıb. Salifu Suma və İssa Cibrila isə 3 qolla 4-5-ci yerləri bölüşürlər.

“Sabah”da oyun buraxmayanlar

İlk “beşliyin” sonuncu sakini “Sabah”da 3 futbolçu Misli Premyer Liqasının ilk yarısında bütün oyunlarda yer alıb. Söhbət Amin Seydiyev, Cesse Sekidika və Pavol Safrankodan gedir. Digər 3 oyunçu – Con İrasabal, Coy-Lens Mikels və Namik Ələskərov isə 17 görüşdə iştirak ediblər. Boyan Letiç də ən çox meydan üzü görən oyunçulardandır. O, 16 dəfə məşqçilərin etimadını qazanıb. Tellur Mütəllimov və Anatoli Nuriyev isə 18 görüşdən 14-də iştirak hüququ qazanıblar.

Meydanda keçirdiyi müddətə görə liderlik Seydiyevə məxsusdur – 1484 dəqiqə. Sekidika (1467 dəqiqə) ikinci, İrasabal (1450 dəqiqə) üçüncüdür. Dördüncü pillədə Safranko (1435 dəqiqə), beşinci yerdə isə Mikels (1228 dəqiqə) qərarlaşıb.

Misli Premyer Liqasının ilk yarısında “Sabah”ın bombardiri 8 qolla Mikels olub. İkinci pillədə qərarlaşan Sekidikanın aktivində 6, üçüncü yerdəki Safrankonun hesabında isə 5 qol var.

(davamı olacaq)

ABBAS

Shares: