“Böyük Dəbilqə” turnirlərinin 22 qat çempionu, dünya reytinqinin keçmiş bir nömrəsi, ispaniyalı Rafael Nadal ATP-nin Final Çempionatlarında uğursuz çıxışından danışıb.
“Bu mənada bir az bəxtim gətirmədi. Mövsümün sonlarında yaxşı fiziki formada olmurdum. Zədələrin müalicəsinə çox vaxt sərf edirdim. Örtüyün sürətli olması da işimi çətinə salırdı.
Ancaq şikayət ediləcək bir şey yoxdur. Məndən nəyi qazanmaq istərdim deyə soruşsanız, əlbəttə ki, ATP Final Çempionatını qazanmaq arzusunda olduğumu söyləyərdim. Şanslarım var idi, amma onları reallaşdıra bilmədim”, – deyə ispaniyalı tennisçi bildirib.
Nadal zədə səbəbindən 2005, 2008, 2012, 2014, 2016 və 2018-ci illərdə finalları buraxıb. 2017-ci ildə ilk matçdan sonra turnirdə iştirakdan imtina edib. Bu turnirdə Rafaelin ən yaxşı nəticələri 2010 və 2013-cü illərdə finala yüksəlməsi olub. Orada da o, müvafiq olaraq Rocer Federer və Novak Cokoviçə məğlub olub.