Olavio Juninyonun “Sevilya”ya transferi tamamlanmaq üzrədir. Artıq İspaniya klubu ilə “Qarabağ” arasında razılıq əldə olunub.
Bu barədə İspaniyanın “Ficherio” saytı məlumat yayıb. Mənbənin yazdığına görə, braziliyalı hücumçunun La Liqa klubuna keçidi 3-3,5 milyon avroya başa gələcək. “Sevilya” Juninyonun transferi ilə bağlı “Qarabağ”la anlaşıb. Yalnız bəzi xırda detalların dəqiqləşməsi qalıb.
28 yaşlı forvardın “Sevilya”nın La Liqanın 20-ci turu çərçivəsində yanvarın 12-də “Valensiya” ilə keçirəcəyi oyuna qədər komandaya qoşulacağı bildirilir.
Xatırladaq ki, “Qarabağ” Juninyonu ötən yay Portuqaliyanın “Çaveş” klubundan transfer edib. Hücumçu bu mövsüm Ağdam təmsilçisinin heyətində keçirdiyi 26 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.