“Kəpəz”in yarımmüdafiəçisi Əli Səmədovun futbolinfo.az saytına müsahibəsi
– 2024-cü ilin son oyununda “Sumqayıt”la heç-heçə (0:0) etdiniz. Matçla bağlı fikirləriniz necədir? Qalib gəlməyinizə nə mane oldu?
– Meydana qələbə üçün çıxmışdıq. İstəyirdik ki, 3 xal qazanaq. Düzdür, bizim üçün 1 xal da pis nəticə deyil. Amma məqsədimiz oyunu qalibiyyətlə başa çatdırmaq idi. Rəqiblə müqayisədə biz daha çox qol epizodu yaratdıq. Xeyli sayda qol imkanını əldən verdik.
– Turnir cədvəlinin son pillələrində qərarlaşmağınız oyunlar zamanı üzərinizdə əlavə təzyiq yaradır?
– Əlbəttə, təzyiq yaradır. Əlimizdən gələni edirik ki, son pillələrdən qurtulaq.
– Qış fasiləsinə 9-cu pillədə yollandınız və sonuncu pillədəki “Səbail”dən cəmi 2 xal öndəsiniz. Çempionatın ilk yarısında yaxşı nəticə göstərə bilməməyinizin səbəbləri nədir?
– Bizim üçün sonuncu pillədən qurtulmağın özü də yaxşı nəticədir. Bildiyiniz kimi, komanda hər il yenilənir, heyətin 80 faizi dəyişir. Sonuncu yerdə olmamaq və xal ehtiyatımızı artırmaq üçün əlimizdən gələni edirik. İnşallah, mövsümün ikinci yarısında turnir cədvəlində qabağa gedərik. Amma vəziyyətimiz hələ ki o qədər də pis deyil.
– Başa çatmaq üzrə olan 2024-cü ili sırf özünüz üçün necə qiymətləndirirsiniz? Göstərdiyiniz performans sizi qane etdi?
– Öz oyunumdan o qədər də razı deyiləm. Ancaq çıxdığım hər matçda komanda üçün əlimdən gələni etməyə çalışmışam. Nə gücüm varsa, meydançada qoyuram. Çalışıram ki, “Kəpəz”ə faydam dəysin. Əgər komandaya xeyrim olubsa, deməli, nəyisə yaxşı edə bilmişəm.
– Çempionatın ikinci yarısından gözləntiniz nədir? Hədəfiniz hazırkı mövqeyinizi qorumaq və çempionat qalmaq olacaq, yoxsa turnir cədvəlində yuxarı pillələrə qalxmağı qarşınıza məqsəd qoyacaqsınız?
– Birinci hədəfimiz çempionatda qalmaqdır. Bununla yanaşı, mümkün qədər çox xal toplayıb turnir cədvəlində yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Autsayderlər zonasından nə qədər uzaqlaşa bilsək, bizim üçün bir o qədər yaxşı olacaq.
– Çempionatla paralel olaraq ölkə kubokunda da çıxış edirsiniz. Kubokun 1/4 finalında “Neftçi” ilə üz-üzə gələcəksiniz. “Kəpəz” kubokda yarımfinala çıxa, yoluna davam edə biləcək?
– Bu mövsüm “Neftçi” ilə iki dəfə üz-üzə gəlmişik. Bu oyunlardan birində qalib gəlmişik, digərində isə uduzmuşuq. Onlarla son görüşümüzdə heç-heçə əlimizdən qaçdı. “Neftçi” ilə kubok matçına da qələbə üçün çıxacağıq. Yarımfinala adlaya bilərik. Niyə də olmasın?! İnşallah, yekun nəticə bizim xeyrimizə olar. Əlimizdən gələni əsirgəməyəcəyik. “Neftçi” ilə kubok mübarizəsində qalib gəlmək bizim üçün vacibdir.
FƏRİD