Rusiyalı şahmatçı Yan Nepomnyaşi və norveçli qrossmeyster Maqnus Karlsen blits üzrə dünya çempionatında birinci yeri bölüşüblər.

Futbolinfo.az xəbər verir ki, ABŞ-nin Nyu York şəhərində keçirilmiş final qarşılaşmasının ilk iki oyununda Karlsen qələbə qazanıb.

Daha sonra Nepomnyaşi iki dəfə onu məyus edib. Üç əlavə görüşdə isə heç-heçə qeydə alınıb.

Ardınca norveçli şahmatçı rəqibinə dünya çempionu titulunu bölüşməyi təklif edib. Beləliklə, Beynəlxalq Şahmat Federasiyası ilk dəfə iki qrossmeysterin blits üzrə dünya çempionu olacağını açıqlayıb.

Daha əvvəl Maqnus Karlsen geyim qaydalarını pozduğu üçün rapid üzrə yarışdan kənarlaşdırılıb. O, biltsdə mübarizə aparmayacağını açıqlasa da, sonradan fikrindən daşınıb.

Azərbaycan dünya çempionatında 15 şahmatçı ilə təmsil olunub. Onlardan heç biri blitsdə 1/4 finala yüksələ bilməyiblər. Rapiddə ən yaxşı nəticəni kişilərdən Məhəmməd Muradlı (12-ci yer), qadınlardan isə Günay Məmmədzadə (23-cü yer) göstəriblər.

Shares: