Əvvəlki yazıların birində Misli Premyer Liqasında turnir cədvəlinin ilk 5 sakininin heyətində bu mövsüm ən çox oyun keçirən, meydanda ən uzun müddət qalan və ən məhsuldar futbolçuları müəyyənləşdirmişdik. Bu dəfə turnir cədvəlinin ikinci “beşliyinə” nəzər salacağıq.
“Sumqayıt”ın iki əvəzolunmazı
6-cı pillədə qərarlaşan “Sumqayıt”da iki futbolçu sezonun ilk hissəsində 18 oyunun hamısında iştirak edib. Bunlar Mehdi Cənnətov və Murad Xaçayevdir. Elvin Bədəlov və Cordan Rezabala çempionatın cari sezonunda 1 matç buraxıblar. Roi Kehat, Səbuhi Abdullazadə, Rövlan Muradov və Rəhim Sadıxov isə 16 görüşdə “Sumqayıt”a kömək ediblər. Vüqar Mustafayev və Kamran Quliyev 15 dəfə meydan üzü gördükləri halda, Sərtan Taşkın 14 görüşdə meydana çıxıb.
Meydanda qaldığı dəqiqə sayına görə də şərikli liderlik var. 1620 dəqiqə meydanda olan Cənnətov və Xaçayev bütün oyunları əvəzlənmədən keçiriblər. Növbəti sırada Elvin Bədəlov qərarlaşıb – 1530 dəqiqə. Roi Kehat 1343, Səbuhi Abdullazadə 1337, Cordan Rezabala isə 1265 dəqiqə meydan üzü görüb.
Misli Premyer Liqasının ilk yarısında “Sumqayıt”ın ən məhsuldar futbolçuları Cordan Rezabala və Kamran Quliyev olublar. Onların hər ikisi 3 dəfə rəqib qapılarına yol tapıb. Roi Kehat və Nikola Vuynoviçin aktivində isə 2 qol var. 18 görüşdə cəmi 15 qol vurmuş “kimyaçılar”da 5 futbolçu – Səbuhi Abdullazadə, Rövlan Muradov, Rəhim Sadıxov, Silvanus Nimeli və Fernando da Silva hərəyə 1 dəfə fərqləniblər.
“Şamaxı”nın yarısı – Pusi və Mikels
Yeddinci pillənin sakini “Şamaxı”da 18 oyunun hər birində iştirak edən futbolçu sayı 4-dür. Bunlar Rikardo Fernandes, Rüfət Abbasov, Rafael Məhərrəmli və Arsen Ağcabəyovdur. Belajdi Pusi 17 matçda meydan üzü gördüyü halda, Leroy Mikels və Conatan Benteke 16 qarşılaşmada özlərini göstərmək şansı qazanıblar. Vasiliye Redenoviç və Brahim Konate isə 15 oyuna çıxıb.
Meydanda qaldığı dəqiqə baxımından ən yüksək göstərici Rikardo Fernandesə məxsusdur – 1620 dəqiqə. O, 18 matçın hamısından əvvəldən sonadək oynayıb. Bu siyahıda növbəti sıralarda Rüfət Abbasov (1608 dəqiqə), Belajdi Pusi (1454 dəqiqə), Leroy Mikels (1408 dəqiqə) və Vasiliye Redenoviç (1327 dəqiqə) qərarlaşıb.
“Şamaxı”nın ən məhsuldar futbolçuları 4 qolla Belajdi Pusi və Leroy Mikelsdir. Onlar birlikdə 8 qola imza atıblar ki, bu, qış fasiləsinədək çempionatda 16 qol vuran “Şamaxı”da 50 faizlik göstərici deməkdir.
“Neftçi”də 3 futbolçunun 3 qolu
Keçək qış fasiləsinə 8-ci pillədə yollanan “Neftçi”yə. “Ağ-qaralar”ın iki futbolçusu çempionatın ilk yarısında 18 oyunun hamısında iştirak edib. Söhbət Ramil Şeydayev və Andrey Ştoqrindən gedir. İki futbolçu – Rza Cəfərov və Ervin Koffi isə 17 matçda meydan üzü görüb. Kilan Lebon 16, Yuri Matias və Emil Səfərov 15, Edvin Kuç və Rəhman Hacıyev isə 13 görüşdə iştirak edib.
Maraqlıdır ki, meydanda qaldığı müddətə görə liderlik 18 görüşdə iştirak edənlərə aid deyil. Rza Cəfərov bu göstəricidə birincidir – 1530 dəqiqə. Ervin Koffi (1369 dəqiqə) ikinci, Yuri Matias (1350 dəqiqə) üçüncü, Ramil Şeydayev (1338 dəqiqə) dördüncü, Kilan Lebon (1059 dəqiqə) isə beşincidir.
Çempionatın ilk yarısında ümumilikdə 16 qol vuran “Neftçi”nin ən məhsuldar futbolçuları hərəyə 3 dəfə fərqlənən Ramil Şeydayev, Filip Ozobiç və Dembo Darbodur. Digər ikisi ilə müqayisədə Ozobiç bu qədər qolu meydanda olduğu daha az müddətdə (651 dəqiqə) vurub. Yuri Matias isə qış fasiləsinədək çempionatda iki dəfə rəqib qapılarına yol tapıb.
“Kəpəz”də Şahverdiyev, Xvalko və Əliyev fərqi
Çempionatın ilk yarısında “Kəpəz”in heyətində cəmi 1 futbolçu 18 görüşün hamısında iştirak edib. Bu, Ehtiram Şahverdiyevdir. Komandanın 3 futbolçusu isə 17 oyunda meydan üzü görüb. Söhbət Yeqor Xvalko, Viktor Braqa və Karim Lkouçadan gedir. Orxan Əliyev 15 matçda komandasına kömək etmək imkanı qazandığı halda, Rojerio Santos 14 görüşün iştirakçısı olub.
Meydanda keçirdiyi dəqiqə sayına görə isə liderlik Ehtiram Şahverdiyevə məxsus deyil. Bu baxımdan Xvalko hamını qabaqlayır – 1530 dəqiqə. Belaruslu kapitan meydana çıxdığı 17 oyunun heç birində əvəzlənməyib. Şahverdiyev 1263 dəqiqə meydanda qalmaqla ikinci yerdədir. Üçüncü pillədə 1194 dəqiqə oynamaq imkanı qazanan Rojerio Santos qərarlaşıb. Viktor Braqa (1091 dəqiqə) 4-cü, Rauf Hüseynli (1064) isə 5-cidir.
Çempionatın ilk hissəsində 12 qol vuran ”Kəpəz”in ən məhsuldar üzvü Orxan Əliyevdir. O, 4 dəfə rəqibləri məyus edib. Növbəti yerlərdə aktivində 2 qol olan Viktor Braqa və Luis Paçu qərarlaşıb.
“Səbail”də iki toxunulmaz: 1 yerli, 1 legioner
Turnir cədvəlinin sonuncu sakini “Səbail”də 2 futbolçu Misli Premyer Liqasının ilk yarısında bütün oyunlarda yer alıb. Söhbət Hüseynəli Quliyev və Suleyman Alluşdan gedir. Digər 5 oyunçu – Dmitro Litvin, Qorka Laruçça, Mert Çelik, Rüfət Abdullazadə və Samir Abdullayev isə 17 görüşdə iştirak edib. Nəbiyev qardaşları – Yusif və Fərid 16 görüşdə məşqçilərin etimadını qazanıb. Madi Queta da eyni sayda matçda komandasına kömək etmək imkanı qazanıb.
Meydanda keçirdiyi müddətə görə liderlik Hüseynəli Quliyevə məxsusdur – 1620 dəqiqə. Litvin (1530 dəqiqə) ikinci, Laruçça (1523 dəqiqə) üçüncüdür. Dördüncü pillədə Mert Çelik (1463 dəqiqə), beşinci yerdə isə Rüfət Abdullazadə (1427 dəqiqə) qərarlaşıb.
Misli Premyer Liqasının ilk yarısında “Səbail”ın bombardiri 3 qolla Laruçça olub. Suleyman Alluş, Rüfət Abdullazadə, Fərid Nəbiyev və Ayman Bouali isə 2 dəfə rəqib qapılarına yol tapıblar.
FƏRİD