PSJ “Liverpul”un misirli hücumçusu Məhəmməd Salaha həftəlik 500 min avro məvacib ilə üçillik müqavilə təklif edib. Bu barədə “Eurosport”un jurnalisti Romen Kolle Qoden sosial şəbəkədə yazıb.
Hücumçunun “qırmızılar”la hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır. Mənbənin məlumatına görə, Mersisayd təmsilçisi həftəlik 400 min avro maaş ilə ikiillik yeni müqavilə təklif etməyə hazırdır.
32 yaşlı Salah 2017/18 mövsümündən “Liverpul”un şərəfini qoruyur. O, komanda ilə İngiltərə çempionu, İngiltərə Liqa Kuboku, İngiltərə Kuboku və Superkuboku qalibi, Çempionlar Liqası qalibi, UEFA Superkuboku və klublar üzrə dünya çempionu olub. Premyer Liqanın cari mövsümündə Salah 18 oyunda 17 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun komandası turnir cədvəlinin şəriksiz lideridir.
Salahın seçimi maraq doğurur. Misirli “Liverpul”da qalmağın tərəfdarıdır. Lakin karyerasının qürub çağında onun daha çox qazanması mümkün olan Fransa təmsilçisinə keçidi də realdır.