“Kəpəz”in baş məşqçisi Azər Bağırovun futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz”ə baş məşqçi təyin olunandan sonra komandanızdakı dəyişiklikləri necə dəyərləndirirsiniz?
– Əslində, bu haqda çox düşünmürəm. Qarşıda hələ 18 tur var. Komanda hazırda 9-cu yerdə qərarlaşıb, lakin bu, o demək deyil ki, artıq öz işimizi yerinə yetirmişik. Gələcək haqqında düşünərək irəliləməli və turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmağa çalışmalıyıq.
– Transfer dönəmində komandada nə kimi dəyişikliklər etməyi planlaşdırırsınız? Konkret olaraq hansı mövqeləri gücləndirmək niyyətindəsiniz?
– Bəzi dəyişikliklər etmək vacibdir. Əsasən hücum xəttini gücləndirməyi və orada rəngarənglik yaratmağı planlaşdırırıq. İnşallah, yaxın zamanda transferlərimizi həyata keçirəcəyik.
– Mövsümün qalan hissəsi üçün əsas hədəfləriniz və gözləntiləriniz hansılardır?
– Çətin olacaq. Bütün komandalar güclənməyə çalışır. Biz də üstün cəhətlərimizi daha da artırmaq, zəif nöqtələrimizi isə minimuma endirmək üçün çalışacağıq.
– Hazırda komandadakı legioner futbolçularla bağlı bəzi problemlərin olduğu bildirilir. Onları komandadan göndərmək planlarınız varmı?
– Komandanı götürəndə bəzi legionerlərlə yola davam etmək məcburiyyətində idik. Elə bir mərhələ gələ bilər ki, onlarla sağollaşmaq qərarı verək. Hər məşqçinin öz futbol baxışı var. Bu istiqamətdə bəzi dəyişikliklər etməyi planlaşdırırıq.
– Gəncə futbolunun inkişafı üçün sizcə “Kəpəz”in daha hansı addımları atması lazımdır?
– “Kəpəz” rəhbərliyi imkanlardan maksimum istifadə edərək həm klub daxilində, həm də biz məşqçilər üçün şərait yaradıb. Premyer Liqada qaldıqdan sonra daha uzunmüddətli plan hazırlamaq istəyirik. İnşallah, bu planla klubumuz daha uğurlu bir yol gedər.
– “Kəpəz”in oyun tərzində hansı əsas dəyişiklikləri etmisiniz? Hazırkı sistemi davam etdirmək niyyətindəsiniz, yoxsa yeni taktiki dəyişikliklər gözlənilir?
– Böyük taktiki dəyişikliklər gözlənilmir. Sadəcə, komandaya dəvət edəcəyimiz futbolçuların xüsusiyyətlərini nəzərə alaraq heyəti uyğunlaşdırmağa çalışırıq. Nələrisə köklü şəkildə dəyişmək əvəzinə mövcud sistemi daha da təkmilləşdirmək istəyirik.
– Komandanın motivasiyasını yüksəltmək üçün hansı üsullardan istifadə edirsiniz?
– Futbolçularla fərdi söhbətlər aparırıq. Ən vacib faktor ailəvi mühit yaratmaqdır. Məncə, ən güclü motivasiya mehriban kollektivin formalaşmasıdır.
– Mövcud oyunçu heyətindən hansı futbolçular sizi daha çox razı salıb? Onların inkişafını necə görürsünüz?
– Meydançada olan hər bir futbolçu bizim üçün vacibdir. Onlar üçün də önəmli olan bərabər səviyyədə rəqabətin olmasıdır. İdman elə bir sahədir ki, orada daim rəqabət olmalıdır. Bunu komanda daxilində nə qədər artıra bilsək, futbolçularımız inkişaf edəcək və turnir cədvəlindəki yerimiz daha da yaxşılaşacaq.
– Transfer dönəmində yerli futbolçulara üstünlük verməyi düşünürsünüz, yoxsa daha çox legionerlərə yönələcəksiniz?
– Əslində, yerli futbolçuları daha çox istərdik. Çünki istədiyimiz mövqedə yerli futbolçularda sarıdan böyük problemlər var. Orta sahəyə yerli oyunçu tapmağı çox istəyərdik. Ancaq təəssüf ki, yerli futbolçuların öz klubları ilə müqavilələləri var. Buna görə də komandadan ayrılmaq çox çətindir.
– Gənc oyunçuların əsas komandaya cəlb olunması ilə bağlı hansı planlarınız var? Akademiya ilə əməkdaşlığı necə gücləndirmək istəyirsiniz?
– Akademiya və əvəzedici heyətlə bağlı hazırda elə də böyük planlarımız yoxdur. Çox incə məqama toxunmusunuz. Çünki reallığı danışsaq, ən böyük işimiz komandanı Premyer Liqada saxlamaq və daha planlı iş görməkdir. Ona görə bu gün aşağılara daha çox fikir versək, əsas komanda bir az unudular. Hazırda liqada bərkiməliyik. İnşallah, gələn illərdə daha köklü işlər görərik.
– Bu mövsüm komanda azarkeşlərinin dəstəyi sizi nə dərəcədə razı salıb? Azarkeşlərlə daha yaxın əlaqə qurmaq üçün nə kimi planlarınız var?
– Azarkeşlərlə həmişə sıx ünsiyyətdə olmuşam. İlk vaxtlarda tanınmayan Azər Bağırovun mehriban qarşılanmamağı var idisə, bu gün sağ olsunlar, hər bir halda komandaya dəstəkdirlər. Hətta bəzi dostlarımız var ki, ilk günlər onların azarkeşliyi bir az qıcıq yaradırdı. Lakin indi həmin insanlarla çox yaxşı münasibətimiz var. Fürsətdən istifadə edib, bütün Gəncəni, “Kəpəz”sevərləri komandamızın yanında olmağa səsləyirəm. İnşallah, bu il “Kəpəz” də öz növbəsində Premyer Liqada qalaraq onları sevindirərək, daha da güclü bir kluba çevrilər.
GÜNAY SÜLEYMANOVA