Məşhurluğu ilə seçilən idman növlərindən biri də taekvondodur. Dünyaca məşhur olan bu idman növü ölkəmizdə də çox sürətli inkişaf edib.

Bu gün sizə təqdim etdiyimiz istedadlı gəncimiz də məhz bu sahə üzrə sözünü deyib. Orxan Cəfərov Gəncə şəhərində gələcəyinə böyük ümid bəslənən taekvondoçulardan hesab edilir.

Orxan bir müddətdir taekvondoda püxtələşir: “Artıq 4 ildir ki, taekvondo idman növü ilə məşğul oluram. Demək olar ki, idmana həvəsim uşaq yaşlarımdan yaranıb. İdman haqqında bir çox araşdırmalar edirdim. Nəticədə qərara gəldim ki, taekvondo idman növü mənim əsas maraq dairəmdir. Kiçik yaşlarımdan məşqlərə qoşulmağı qərara aldım”.

Cəfərov bu 4 ildə daim region yarışlarında iştirak edib və bir çox nailiyyətlər qazanıb. Əsas məqsədi taekvondo üzrə Azərbaycan millisində yer almaqdır: “Demək olar ki, bir çox yarışlarda iştirak etmişəm. Sonuncu yarışım isə Monteneqroda keçirilən Həmrəylik turniri ilə bağlıdır. Yarışın nəticəsində bürünc medala sahib oldum. Təbii ki, uğurla yanaşı uğursuzluq da olur, bu, məni məyus etmir. Əksinə, daha çox həvəsə gəlirəm. Bu gündən sonra qarşıdakı yarışlara daha səylə hazırlaşacağam”.

846f7c05 b5d8 470b 82b8 cbf7224fea0f - Futbolinfo.az

Orxan üçün uğursuz məqamlar da olub. Amma o, təslim olmayıb, daha iradəli şəkildə növbəti uğura köklənib. Bunun üçün məşqlərdə daha səylə hazırlaşır: “Taekvondo idman növündə ilk növbədə duruş qaydasını bilmək lazımdır. Arxa ayaqdan başlayırıq, diz qalxır, zərbə dönür. Bizdə elektron olduğu üçün, ayaq tam dönməlidir. Sonra isə qabaq ayaq qalxır, qabaq zərbəsi olur”.

d8332be2 e11c 4a49 8d78 f6f766e999fb - Futbolinfo.az

Gənc idmançımızın gələcəklə bağlı planları var və yeniyetmələrə tövsiyə verməyi də unutmur: “Gələcək bütün arzularım idmanla bağlıdır. Qarşıma məqsəd qoymuşam ki, 2028-də Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına lisenziya qazanım. Və bu hədəfimə çatmaq üçün bacardığım qədər bütün yarışlarda iştirak edib, qızıl medal qazanacağam. Dünya miqyaslı yarışlarda iştirak edib vətənimizin adını, bayrağımızı yüksəklərə qaldıracağam. Gənclərə tövsiyəm odur ki, ilk növbədə pis vərdişlərdən daim uzaq dursunlar. Və çalışdıqları qədər idmana yönəlsinlər. Sağlam bədəndə sağlam ruh olar!”

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares: