“Qarabağ”ın hücumçusu Olavio Juninyo “Sevilya”nın yanvar transferindəki əsas hədəfi olmağa davam edir. Bu barədə İspaniyanın tanınmış “Marca” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, danışıqlar başa çatmayıb. Amma hər iki tərəf Juninyonun qış transferində “Sevilya”nın oyunçusu olmaq istiqamətində vacib addımlar atır. “Sevilya” rəhbərliyi Azərbaycan çempionuna bir neçə təklif irəli sürüb. Onlar transferi yanvarda bitirmək üçün tələsirlər.
Düzdür, təkliflərin heç biri “Qarabağ”ın gözlədiyi kimi olmayıb. Amma ispanlar “Qarabağ”a son olaraq 4 milyon avro, üstəgəl bonuslar təklif edib. Razılıq əldə olunan kimi “Sevilya” brazilyalı ilə 3,5 illik müqavilə imzalamalıdır.
İspaniyanın “AS” nəşrinin yazdığına görə, “Sevilya” “Qarabağ”a təklif etdiyi məbləğin 3 milyonunu birdəfəlik, qalanını hissə-hissə ödəmək niyyətindədir.