Moskva “Spartak”ı ispaniyalı Frensis Kaxiqaonun klubun idman direktoru vəzifəsinə təyin olunduğunu açıqlayıb.

“Kaxiqao Londonda doğulub böyüyüb, “Arsenal” klubunun yetirməsidir. O, doğma klubunun gənclərdən ibarət komandasında, eləcə də “Barselona”nın ikinci komandasında yarımmüdafiəçi kimi çıxış edib və İspaniyanın gənclərdən ibarət komandasına çağırılıb.

Zədələrə görə oyunçunun peşəkar karyerası qısa olub və artıq 90-cı illərin ortalarında Kaxiqao skaut kimi “Arsenal”a qayıdıb. O, 23 il klubda çalışıb.

Frensis Arsen Venger dövründə London komandasının qələbələrinə töhfə verən əsas simalardan biridir. Onun birbaşa iştirakı ilə klubda Sesk Fabreqas, Robin van Persi və başqaları kimi gələcəyin parlaq ulduzları gənc yaşlarında üzə çıxıb.

Kaxiqao 2020-ci ildə “Arsenal”dan ayrıldıqdan sonra Çili Futbol Federasiyasının texniki direktoru, keçən ildən isə Türkiyənin “Qalatasaray” klubunda beynəlxalq əlaqələr və skautluq şöbəsinin rəhbəri olub.

Biz Frensis Kahiqaonu salamlayırıq və ona “Spartak”da uğurlu iş arzulayırıq!” – deyə Moskva klubunun saytında deyilir.

Shares: