Adı İspaniyanın “Sevilya” klubunun rəsmi transfer siyahısında olan “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə daha bir xarici klubun maraqlandığı iddia edilir. Budəfəki klub isə artıq Avropa qitəsini təmsil etmir.
İspaniyanın onefootball.com və ABC Sevilla saytları yazıb ki, “Qarabağ”la “Sevilya” arasında danışıqların uğurla davam etdiyi bir vaxtda Juninyo üçün daha bir təklif vətəni Braziliyadan gəlib. İddia edilir ki, bu ölkənin “Flamenqo” klubu da Juninyonun xidmətində maraqlıdır.
Məlumata görə, Rio de Janeyro təmsilçisi hücumçusu Qabriel Barbozanın gedişinə hazırlaşır və onun əvəzləyicisi qismində Juninyonu görür. Hətta klubun bunun üçün “Qarabağ”a 5 milyon avro təklif etməyə hazır olduğu da bildirilir. Bu məbləğ “Sevilya”nın “Qarabağ”a təklif etdiyindən artıqdır.
Son məlumata görə, “Sevilya” Juninyonun transferi üçün Ağdam klubuna 4,5 milyon avroluq təklif irəli sürüb. Fərq ondadır ki, Olavio vətənə qayıtmağa tələsmir və “Qarabağ”ı yalnız daha nüfuzlu Avropa klubuna dəyişmək istəyir.