“Şamaxı”nın 19 yaşlı futbolçusu Edqar Adilxanovun futbolinfo.az saytına müsahibəsi:

  • “Şamaxı” ilə uzunmüddətli əməkdaşlıq qərarını necə dəyərləndirirsiniz? Yeni müqavilə sizin üçün nə ifadə edir?
  • “Şamaxı” akademiyasında çox şey öyrənmişəm. Bu komanda mənə böyük dəstək olub. Müqavilə müddətini uzatmaq qərarını verəndə əsas fikrim oynamaq idi. Burada məşqçilər mənə güvənirlər, oyun təcrübəm artır. Premyer Liqada yeniyəm, amma hər oyunda öz inkişafımı hiss edirəm. İnşallah, belə də davam edəcəyəm.
  • Cari mövsümdə göstərdiyiniz performansı (10 oyun, 2 qol) necə qiymətləndirirsiniz?
  • Dörd oyunda əsas heyətdə sağ vinger kimi çıxış etmişəm və iki qol vurmuşam. Qalan altı oyunda isə sağ müdafiəçi kimi oynamışam və əksər hallarda oyuna sonradan daxil olmuşam. Bu vəziyyətdə fərqlənmək çətin idi. Performansımı yaxşı qiymətləndirirəm, amma daha yaxşı ola bilər. Görüləsi işlər çoxdur.
  • Komandanın qış fasiləsinə 7-ci pillədə yollanması sizi necə motivasiya edir? İkinci yarı üçün hədəfləriniz nədir?
  • Biz bu liqada yeniyik, çünki komandanın heyəti demək olar ki, tam dəyişilib. 7-ci pillədə olmaq bizim üçün yaxşı nəticədir. İnanıram ki, çempionatın ikinci yarısı bizim üçün daha uğurlu keçəcək.
  • Öz oyun tərzinizdə hansı tərəfləri daha da inkişaf etdirmək istəyirsiniz?
  • Zərbələrimin üzərində işləməliyəm və daha tez qərar qəbul etməyi öyrənməliyəm. Hələ çox şey öyrənməliyəm və üzərində çalışacağım sahələr var.
  • Bir futbolçu kimi ən böyük hədəfiniz nədir?
  • Avropada Azərbaycanı təmsil etmək.
  • 2027-ci ilə qədər “Şamaxı” ilə hansı uğurları qazanmağı planlaşdırırsınız?
  • İlk növbədə, komandamızın ilk beşlikdə yer almasını istəyirəm. Qalanı zamanla bəlli olacaq. İnanıram ki, hər şey yaxşı olacaq.
  • Azarkeşlərə hansı mesajı çatdırmaq istərdiniz?
  • Hər ev oyununda bizə dəstək olan azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Onların dəstəyini hiss etmək çox xoşdur.

GÜNAY SÜLEYMANOVA

Shares: