“Qarabağ”ın hücumçusu Olavio Juninyonu bu həftə Azərbaycanı tərk edəcək. Braziliyalının transferi ilə bağlı ağdamlılarla razılığa gələn “Sevilya” La Liqadakı növbəti oyununadək onu heyətində görmək istəyir.
28 yaşlı hücumçunu 4 milyon avro ödəməklə transfer edəcək “Sevilya” Juninyonun çıxışından asılı olaraq əlavə bonuslar da ödəyə bilər. Həm şəxsi çıxışı, həm də əndəlüslülərin komanda olaraq yaxşı nəticələri təmsilçimizə əlavə 1 milyon avro qazandıracaq. Bundan başqa, İspaniya klubu futbolçunun növbəti satışından əldə edəcəyi qazancın 1/5-ni “Qarabağ”ın hesabına köçürməlidir.
Juninyo şəxsi müqaviləsinin şərtlərini də razılaşdırıb. Azərbaycandakı maaşından xeyli çox gəlir əldə edəcək hücumçu yeni klubu ilə “2+1 illik” müqavilə imzalayacaq.