Birvaxtlar İspaniyada bizi Vəli Qasımov təmsil edərdi. Futbolda ilk addımlarını Gəncədə atan, sonradan Ukraynaya gedib oradan “Neftçi”yə gələn, sovet dağılan kimi Moskvaya yollanan həmyerlimiz oradan Sevilyaya üz tutdu.
Bəli, 1992-95-ci illərdə millimizin hücumçusu “Betis”in şərəfini qorudu. Burada keçirdiyi 42 oyunda 9 dəfə fərqlənməyi bacardı. Həmin dövrdə, təkcə Qasımov yox, sovet şinelindən çıxan hər bir istedadlı futbolçu bu imkanı əldə edə bilərdi. Çünki nəhəng imperiya həm də futbol ölkəsi, SSRİ çempionatı dünyanın ən güclü birinciliklərindən biri idi. Aradan illər ötdü, postsovet məkanından çıxan ölkələr arasında yalnız Rusiya, Ukrayna və Gürcüstan Avropanın nəhəng ölkələrinə futbolu ixrac edirdi. Digər ölkələr isə istisnalarla yadda qalırdı.
Futbolu inkişaf etməyən postsovet ölkələri nəinki yerli oyunçu, heç çempionatında oynayan legioneri belə “böyük beşliy”ə göndərə bilmir. Bu mənada Azərbaycan da fərqlənmirdi. Hətta son illər “Qarabağ” “qara məkanda ağ ləkə” yaratsa belə, “böyük beşlik” ölkələrinin elit klublarına oyunçu göndərə bilməyib.
İş elə gətirdi ki, Azərbaycanda çıxış edən legionerlərdən “böyük beşliy”ə ilk cığırı açan Juninyo oldu. O da Sevilyaya getdi, amma Qasımovdan fərqli şəhərin daha nüfuzlu komandasına üz tutdu. Necə də olmasa, biz UEFA Kuboku/Avropa Liqasını 7 dəfə qazananan klubdan danışırıq. Hər nə qədər, hazırda Əndəlüs klubu ideal günlərindən uzaq olsa da, La Liqanın 5 ən nüfuzlu komandasından biri sayılır.
Görəsən, “Qarabağ”da xüsusən də ötən mövsümdə fantastik çıxışı ilə yadda qalan braziliyalı forvard “Sevilya”nın dərdinə məlhəm ola biləcəkmi?
Əslində, Juninyonun keçidində açar söz “braziliyalı” ifadəsidir. Hər nə qədər “Qarabağ”da uğuru çıxış onun gedişinə yol açdısa, braziliyalı olması da işə yaradı. Çünki sonucda İspaniya təmsilçisi Ağdam klubundan bu regiondan yox, Cənubi Amerikadan olan oyunçu transfer edib. Özü də “Sevilya”da braziliyalı futbolçular həmişə adından söz etdirə billib. Bu mənada Luis Fabiano, Daniel Alveş, Julio Baptista, Adriano və Bebetonu fərqləndirmək olar. Bebeto digər 4 həmyerlisindən fərqli şəhərin eyniadlı komandasında çox da diqqət mərkəzinə düşməyib. Amma istənilən halda, “Sevilya”nın formasını geyinən məşhur braziliyalılardan danışırqsa, onun da adını çəkməliyik.
Konkret hücumçulardan danışmaq lazımdırsa, Luis Fabiano ilə Julio Baptista xüsusi qeyd olunmalıdır. Baptistanı Əndəlüs klubu kəşf etdisə, Luis Fabiano ən parlaq dövrlərini məhz bu klubda keçirib. Ona görə də Juninyonun orada öz potensialını nümayiş etdirmək üçün əla imkanı var.
“Sevilya” braziliyalılar üçün əsl cənnətdir. Amma indiki vəziyyətdə bu komandanın aparıcı üzvünə çevrilmək mümkündürmü?
Ötən mövsüm 14-cü yeri tutan bu komandanın heyətinə düşmək elə də çətin olmamalıdır. Hərçənd 2023-cü ildə də bu komanda mövsümü 12-ci yerdə başa vurmuşdu. Amma həmin ildə Xose Luis Mendelibarın başçılığı altında Avropa Liqasının qalibi olmuşdular. Yəni, bu klubun uçuruma yuvarlandığını söyləmək olmaz. Sadəcə, çempionatda uğursuzluq zolağından çıxa bilmirlər. Hazırda La Liqada 18 turdan sonra 6 qələbə, 4 heç-heçə və 8 məğlubuyyətlə 14-cü sırada qərarlaşan “Sevilya” özünə gələ bilmir. Doğrusu, məhsuldarlıq sarıdan çox da əziyyət çəkmirlər. 18 tura 20 qol vurmaq elə də faciəvi göstərici deyil. 6-cı yerdə qərarlaşan “Malyorka” və 7-ci yeri tutan “Real Sosyedad”dan belə çox qol vurublar. Sadəcə, bu komandanın problemi səfərdə inamsız çıxış etməsidir. Xavier Qarsiya Pimyentanın komandası rəqib meydanında keçirdiyi son 3 oyunda xal üzünə həsrət qalıb. Ümumiyyətlə, əndəlüslülər bu mövsüm səfərdə keçirdiyi 9 oyunda yalnız 1 qələbə qazanıb. Belə ki, 11-ci turda autsayderlərdən olan “Espanyol”u 2:0 hesabı ilə məğlub ediblər.
Bəs, “Sevilya”nın əsas heyətinə düşmək üçün Juninyo kimlərlə rəqabət aparacaq. Əslində, onun işinin heç də asan olmayacağını bəri başdan söyləməliyik. Çünki bu komandada hücumun sivri ucunda Belçika millisinin forvardı Dode Lukebakio çıxış edir. 27 yaşlı forvard komandasının vurduğu 20 qoldan 8-nin müəllifidir. İspaniyalı hücumçu İsaak Romeronun hesabında 2, nigeriyalı Çidare Ecukenin “balans”ında isə 1 top var. Amma vaxtilə “Mançester Siti”də oynayan Kelaçe İheanaço hələ adını tabloya yazdıra bilməyib. Halbuki, 10 oyunda meydana çıxıb. Bu mövsüm 14 dəfə qazona qədəm basan ispaniyalı Peke Fernandesin də hələ ki “ayaqları quruyub”.
“Sevilya”nın digər hücumçularına gəlincə, 23 yaşlı ispaniyalı Alvaro Paskual 2, 21 yaşlı kolumbiyalı Mateo Mexiya 1 matçda meydana çıxıb. Amma bütün bu oyunçuların hamısını Juninyoya rəqib kimi göstərmək olmaz. Çünki onların bəziləri vinger kimi mübarizə aparır. Juninyo isə “Qarabağ”da sırf mərkəz hücumçusu kimi oynayıb. Hər şey Pimyentanın Juninyonu hansı mövqedə oynadacağından asılı olacaq. Mərkəz hücumçusu olacaqsa, bu mənada işi asan ola bilər. Çünki hücumun sivri ucunda qərarlaşan İsaak Romero, yuxarıda da qeyd etdiyimiz kimi, cəmi 2 qol vurub. Lukebakio isə cinah hücumçusu kimi mübarizə aparır. Biz burada xəyallar qura bilərik, amma məşqçi bir futbolçunu elə mövqedə oynada bilər ki, hər şey köklü şəkildə dəyişə bilər. Amma böyük ehtimalla, Pimyenta Romerodan narazıdır ki, Juninyonu onun yerinə keçirmək istəyir.
Bir məqam var ki, “Qarabağ”dan gedən heç bir futbolçu hələ ki kənarda “partlada” bilməyib. Juninyo özünü doğrultsa, “Qarabağ” bu mənada gələcəkdə də maddi baxımdan qabağa düşə bilər.
FƏRİD