Azərbaycan yığmasının sabiq futbolçusu Saşa Yunisoğlunun futbolinfo.az saytına müsahibəsi

– Milli komandamızın DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri haqda hansı fikirdəsiniz?

– Hazırda millimiz elə vəziyyətdədir ki, heç bir püşkatma bizim üçün uğurlu olmayacaqdı. Biz yığmamızın uğurlu olmasını istəyirik. Amma reallıq onu göstərir ki, millimiz üçün hər bir rəqib başağrısı olacaq. Bu püşk bizə Fransa və ya Xorvatiya, həmçinin Ukrayna və İslandiya kimi yığmaları rəqib verib. Çox güclü və çətin rəqiblərdir.

– Fransa yığmasının bizə rəqib olmasını istəyirsiniz, yoxsa Xorvatiyanın?

– Fransa və Xorvatiyə yığmalarından danışmağa ehtiyac yoxdur. Onların gücü hamıya bəllidir. Düşünürəm ki, müqayisədə Xorvatiya daha münasib rəqibdir. Çünki hazırda xorvatlarda nəsil dəyişikliyi prosesi gedir və hələ ki onlar stabil oyun nümayiş etdirə bilmirlər. Bu mənada, millimizin onlarla görüşlərdə şansı ola bilər. Fransa yığması isə hazır maşındır. Bu yığmada nəsil dəyişikliyi oldu və hazırda Fransa əvvəlkindən da güclüdür. Məncə, Fransa ilə matçda hansısa şansdan danışmaq yersizdir. Düşünürəm ki, bu komandalardan rəqibimiz elə Fransa olacaq.

– Hazırkı milli komandamızda əsas çatışmazlıq nədən ibarətdir?

– Milli komanda ümumi Azərbaycan futbolunun vəziyyətinin göstəricisidir. Çatışmazlıqlardan danışsaq, çox vaxt alar. Bizim futbolda ümumi problemlər var. Ona görə də millimiz bu haldadır. Yığmada ölkəmizin ən yaxşılarının yığışmasına baxmayaraq, futbolçuların səviyyəsi çox aşağıdır. Azərbaycan çempionatı üçün bu, keçərlidir, amma Avropa səviyyəsində oynamaq üçün bəs etmir. Üstəlik, millimizdə rəqabət yoxdur. Çünki Azərbaycanda yığma səviyyəsində oynaya biləcək futbolçu çatışmazlığı var.

– Vaxtilə millinin əsas müdafiəçilərindən olmusunuz. Hazırda öz mövqeyinizdə çıxış edən hansı yerli futbolçuları bəyənirsiniz?

– Ad çəkmək istəmirəm. Amma bəyəndiklərim var. Bunlar həm yaşlı, həm də gənc və perspektivli müdafiəçilər arasındadır.

– Vaxtilə Polşada legioner həyatı yaşamısınız, hazırda Rahil Məmmədov yolunuzu davam etdirir, artıq ikinci mövsümdür ki, orada oynayır. Onun performansını necə dəyərləndirirsiniz? Rahil Polşada uzun müddət qala biləcək?

– Rahil yaxşı futbolçudur. Vaxtilə perspektivli müdafiəçi hesab olunurdu. Amma bizim yollarımız eyni deyil. O, öz yolunu gedir. Bizim fərqimiz odur ki, mən Polşaya gedəndə 20 yaşım var idi, böyük futbola yeni başlayırdım. Məni oraya gənc və perspektivli azərbaycanlı futbolçu kimi apardılar. Həmin komandada Polşa millisinin 4, Makedoniya yığmasının 3 və Çexiya seçməsinin 1 futbolçusu oynayırdı. Rəqabət çox güclü idi. Həmin il 3-cü yeri tutduq və Polşa Kubokunun qalibi olduq. Rahilin isə 29 yaşı var, o, artıq yetişmiş, öz sözünü demiş peşəkar futbolçudur. Və ona adaptasiyə keçmək mənimki kimi çətin olmadı. Polşa çempionatı asan liqa deyil, bunu Mahir Emrelidən də soruşa bilərsiniz. Ekstraklasa özünəməxsus, atletik, gücə meyilli liqadır və Azərbaycan çempionatından ikiqat səviyyəlidir. Orada hər azərbaycanlı oynaya bilməz. Rahilə uğurlar arzu edirəm. Təbii ki, onun Polşada uzun müddət qalmasını istərəm.

ABBAS

Shares: