I Liqada mübarizə aparan “Cəbrayıl” klubunun baş məşqçisi Elhad Nəziri digər komandaların futbolçularına göndərdiyi təkliflərdən narahatdır. O, bu barədə sosial şəbəkədə paylaşım edib.
Futbolinfo.az saytının əməkdaşı gənc çalışdırıcı ilə danışaraq onun narazılığının səbəbini öyrənmək istəyib. Nəziri rəqiblərin müqaviləsi olan futbolçuları komandalarına dəvət etmələrinə etiraz edir: “Bütün klublar dayanmadan komandanın futbolçularını dağıtmaq istəyirlər. Kimlə danışıram, deyir ki, mənə təklif var. İsrarla deyirsən ki, səninlə müqaviləmiz var, bir saat sonra yığıb qiymət artırırlar. Əsəbiləşib dünən bununla bağlı paylaşım etdim. Yazdım ki, “bəsdirin, yekə adamlarsız”. Hər şey məşqçilik, hər şey nəticə demək deyil. Komandanın rəhbərliyi var, məşqçisi var. Yığıb soruşsunlar ki, sizin bu futbolçu ilə müqaviləniz var, ya yoxdur? Elə çatan pul təklif edir ki, gəlmək istəyirsən, gəl. Hansı futbolçu ilə danışıram deyir ki, mənə bu qədər pula təklif var, gedirəm, başqa komanda məni istəyir. Maraqlıdır ki, dünənə kimi bu futbolçulara niyə təklif yox idi? Gəlib 800 manata bu komandada oynayırdılar. İndi 1000, 1500 manat təklif edirlər, o dəqiqə getmək niyyətləri var. Bəs, mənim əziyyətim hara getdi? 6 aydır ki, bu futbolçuların üzərində işləmişəm, şans vermişəm. Onlar uşaqdırlar, müqavilələri var və dərk etmirlər. Sadəcə, məşqçilər, menecerlər niyə belə edir, onu bilmirəm. Axırda məcbur oldum bunu dedim. Düzgün hərəkət deyil. Onlara 10 min də təklif etsələr, mən buraxmasam, necə gedəcəklər?”
Nəziri bildirib ki, əgər Premyer Liqadan təklif olsa, futbolçuları buraxmağa hazırdır: “Premyer Liqadan təklif olsa, yollarını kəsmərəm. Özlərinə də demişəm ki, məqsədim sizi inkişaf etdirməkdir. Yüksək liqadan təklif olanda, əlbəttə, nəsə demərəm. İndiki təkliflər hamısı I Liqadandır. Çempionat gedə-gedə futbolçuları aparmaq istəyirlər. Belə şərəfəsizlik olar? Udmaq istəyirsən, çıx, meydana kişi kimi ud da. Yoxsa futbolçulara bu cür təklif etmək doğru deyil”.
ABBAS