“Neftçi”nin oyunçusu Emin Mahmudov komandanın qış təlim-məşq toplanışı barədə danışıb.
Futbolinfo.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlama verib. Azərbaycan millisinin üzvü mövsümün ikinci yarısında fiziki baxımdan daha yaxşı çıxış edəcəklərini bildirib: “Təzə başlamışıq. Bizdə indi daha çox fiziki məşqlər olur. Çalışırıq ki, bunu yerinə yetirək. Çünki ilk dövrədə fiziki baxımdan problemlərimiz var idi. Bunun qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. İnşallah ki, mövsümün ikinci yarısında fiziki baxımdan daha yaxşı təsir bağışlayacayıq”.
Təcrübəli yarımmüdafiəçi zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qaldığına görə məşqlər və oyunlar üçün darıxdığını gizlətməyib: “Zədəmin bərpası bir az uzun çəkdi. Elə bilirdim ki, 1-2 həftədən sonra komandayla məşqlərə başlayacam. Amma bir az problemlər üzə çıxdı. Həm məşqlər, həm də oyunlar üçün çox darıxmışam. Çalışacam ki, formamı bərpa edim və komandama kömək olum”.
32 yaşlı futbolçu ayın 19-u “Sabah”a qarşı keçirəcəkləri görüş haqda da təəssüratlarını bölüşüb: “Sabah”la oyunumuza 2 həftə qalıb. Fiziki və taktiki baxımdan hazırlıqlarımızı davam etdiririk. İkinci yarıda daha yaxşı çıxış etməliyik. Çünki kubok oyunlarımız var. Ümid edirəm ki, yaxşı nəticələr olacaq”.