“Qarabağ”ın UEFA Avropa Liqasındakı növbəti rəqibi FCSB ciddi itki ilə üzləşə bilər.
Futbolinfo.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, adıçəkilən komandanın aparıcı futbolçusu Darius Olaru İtaliyaya köçməyə hazırlaşır.
Rumıniya millisinin yarımmüdafiəçisi MLS klubu “Dallas”ın təklifini rədd etsə də, İtaliya A seriyasında mübarizə aparan “Cenoa” ilə razılığa gəlib. Çünki İtaliyada çıxış etmək 26 yaşlı hücumameyilli futbolçu üçün daha cəlbedicidir.
Olaru ilə hərtərəfli anlaşan “Cenoa” keçidi tamamlamaq üçün FCSB ilə danışıq aparır. Oyunçunun sərbəstqalma məbləği 5 milyon avrodur ki, genuyalılar həmin pulu ödəməyə hazırdır. Bu səbəbdən transferin qış fasiləsində reallaşması gözlənilir.
Qeyd edək ki, “Qarabağ”la FCSB arasında oyun yanvarın 23-də Bakıda keçiriləcək.